MAKRONUN İLHAM ƏLİYEVƏ GECİKƏN ZƏNGİ... - Fransa Prezidenti nə istəyir?
Elxan Şahinoğlu: "Onun dövründə əlaqələri normallaşdırmaq mümkün olmayacaq" "Fransa prezidentinin qəribə üslubu var. O iki il əvvəl İrəvana səfər etdi, Bakıya gəlmədi. Halbuki, ondan əvvəlki Fransa prezidentlərinin ermənilərə sevgisi olsa da, onlar balansı qorumaq naminə İrəvanla yanaşı Bakıya da gələrdilər. Çünki Fransanın Minsk Qrupundakı həmsədrliyi bunu rəsmi Parisdən tələb edir ki, sözdə olsa belə tərəflərdən eyni məsafədə dayansın". "AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Fransa Prezidenti E. Makronun Azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığını şərh edərkən bildirib. Ekspert qeyd edir ki, Emmanuel Makron Parisin münaqişəyə ənənənvi yanaşmasını pozdu. O xatırladır ki, Makron müharibə və ondan sonrakı dövrdə verdiyi açıqlamalarda birmənalı şəkildə Ermənistanı və erməniləri müdafiə edib. "Böyük dövlətlərin liderləri arasında Ermənistana və erməni separatizminə ən çox dəstək verən dövlət başçısı məhz Makrondur",- deyə politoloq vurğulayıb. E. Şahinoğlu qeyd edir ki, Emmanuel Makron bu müddət ərzində bir neçə dəfə İlham Əliyevə telefonla zəng edib: "Makron Nikol Paşinyanı Baş nazir seçilməsi və erməniləri hər zaman müdafiə edəcəyini növbəti dəfə bəyan etdikdən sonra avqustun 5-də Bakıya zəng edərək İlham Əliyev fikir mübadiləsi apardı. Azərbaycan Prezident Administrasiyasının prezidentlərin telefon söhbəti ilə bağlı yaydığı məlumatda nələr var idi? Birincisi, dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonrakı dövrdə regional məsələlər və bəyanatın müddəalarının həyata keçirilməsini müzakirə ediblər. İkincisi, dövlət başçıları Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar. Üçüncüsü, dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər. Bunun ardınca Rusiyanın “TASS” agentliyi Yelisey sarayına istinadən belə bir məlumat yayıb: “Azərbaycan və Fransa prezidentləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) dəstəyinə güvənərək bölgədə sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq barədə razılığa gəldilər”. Makron açıq-aşkar Minsk Qrupu formatını canlandırmağa çalışır. Ona bu məsələdə Vaşiqnton da dəstək verir. Kreml bunun əleyhinə deyil, ancaq həmsədrlərin yenidən fəallaşması məsələsində Vaşinqton və Paris qədər israrçı deyil. Çünki Kremlə Cənubi Qafqazda əsas rəqibləri – ABŞ və Fransa simasında tərəfdaş lazım deyil. Rusiya öz hərbçilərini Qarabağa göndərəndə də Vaşinqton və Parislə məsləhətləşməmişdi. Həmsədrlik institunun süni surətdə canlandırılması Azərbaycanın da maraqlarına cavab vermir". Ekspert Fransanın Avropa İttifaqının iki aparıcı dövlətindən biri olduğunu xatırladır: "Buna görə də Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını və Makrondan əvvəlki axarına qayıtmasını istəyir. Ancaq bu Emmanuel Makronun prezidentliyi dövründə alınmayacaq. Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaqı reallığını qəbul etmək istəmir. Ona görə də Makronun Bakıya zənglərinin Fransa-Azərbaycan münasibətlərini indiki böhran vəziyyətindən çıxaracağını gözləmək əbəsdir. Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək".