“RÖVŞƏN SORUŞDU Kİ, NİYƏ ONA SALAM VERMƏDİK” – General iş adamını bir sözə görə qətlə yetirib
Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin istintaqı davam edir. “AzPolitika.info” xəbər verir ki, məhkəmədə qətlin bir sıra təfərrüatları üzə çıxmağa başlayıb. Xatırladaq ki, Rövşən Əkbərov bu ilin martında həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib. Məhkəmə araşdırması ilə bağlı “Virtualaz.org”-un yaydığı məlumatda deyilir ki, cinayət işində general Əkbərovun günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri hadisənin əsas şahidi Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası Faday Əliyev arasında baş verən söhbətin qeydə alınan stenoqramıdır. Qeyd olunur ki, Məzahir Şıxəliyevin özü 2013-cü ildə onkolojı xəstəlikdən dünyasını dəyişib. Əvvəlki ifadələrdən məlum olduğu kimi, 1 iyun 2001-ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Səfirlikdəki ziyafətə çoxlu qonaq toplaşıb. Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər. Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib. Rövşən Əkbərovu görən Elçin Əliyev kafedə olan skripkaçıdan zabitlər haqqında bir neçə mahnı, o cümlədən Qazmanovun məşhur hiti - "Cənab zabitlər"i ifa etməsini istəyib. Tezliklə Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev bir masa arxasında oturublar. Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası arasındakı söhbətin stenoqramını təqdim edirik: “Rövşən soruşdu ki, niyə ona səfirlikdə salam vermədik. "Biz səfirliyə çatanda sən samovar dəmləyirdin", - gülərək Elçin cavab verdi. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbi şəkildə soruşdu: "Səncə, mən çayxanaçıyam?" Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir etdi. Soruşdum ki, sən kimsən ki, məni susdurursan? Ayağa qalxdı və "indi ağzını bağlayacam" dedi.” İfadələr göstərir ki, mühafizəçilər sərxoş azərbaycanlılardan kafeni tərk etmələrini istəyiblər. Mübahisə küçədə davam edib və faciə ilə başa çatıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə yumruqla zərbə endirib və sonra Elçin Əliyevi bıçaqla vurub.