İRANIN İFŞA OLUNAN QARA NİYYƏTİ VƏ ANLADIĞI DİL... - “Buna gətirib çıxarmaq lazım idi?”

Azərbaycanın xüsusilə müharibədən sonra xarici siyasətdə Elmar Məmmədyarovsayağı malalama, sığallama dilindən, açıq və konkret mövqe bildirən, hər şeyi öz adı ilə çağıran dilə keçdiyi müşahidə olunmaqdadır. Bunu ölkə başçısının son müsahibəsi və İranın regiondakı siyasətinə münasibəti açıq şəkildə göstərdi. Bu, bir tərəfdən dövlət olaraq qüdrətimizi, sambalımızı, qətiyyətli söz sahibinə çevrildiyimizi göstərirsə, digər tərəfdən də Azərbaycanın təkcə Ordu deyil, diplomatiyada da Türkiyə modelinə keçidindən xəbər verir...

İranın əsrlər boyu Azərbaycana kəm baxaraq, ermənipərəst siyasət yürütdüyünü Azərbaycandakı iranbaşları çıxmaq şərtilə regionda və dünyada görməyən, anlamayan yoxdur. Həmin iranbaşlar anlamırlar ki, İrandakı din adı altında pərdələnən rejimin şəxsi hakimiyyət maraqları hər şeyin önündə gedir – dinin də, məzhəbin də, insanlığın da. Xüsusilə də erməni işğalı dövründə bu siyasət daha açıq, bəzənsə həyasızlıq səviyyəsinə çatan dərəcədə biruzə verilib. Ona görə də Azərbaycan mətbuatında, sosial şəbəkələrdə, ümumilikdə cəmiyyətdə bu ikiüzlü və məkrli siyasətə hər zaman ortaya konkret faktlar, sübutlar qoyulmaqla etiraz olunub.

İran guya Fələstin xalqını dəstəkləmək adı altında uzaq İsrailə hədələr, qarğışlar yağdırdığı halda, tam qonşuluğundakı dini, hətta məzhəbi bir olan ölkəni müdafiə etmək, ona dayaq olmaq əvəzinə, Azərbaycana qarşı dəhşətli cinayətlər törətmiş, açıq işğalçılıq siyasəti yürüdən Ermənistana və Qarabağdakı qondarma, cinayətkar rejimə əlindən gələn və gəlməyən hər cür dəstək göstərib və göstərməkdədir. O ölkəyə və millətə ki, müsəlman xalqın qanını axıdıb, torpaqlarımızdakı müsəlman qəbirlərini, məscidlərimizi təhqir edərək, donuz damına çevirib...

 

 

İran bütün bunlar da azmış kimi, Azərbaycanda özünün “beşinci kolon”unu yaradaraq, onu daxildən dini mövhümat və məzhəbçilik təbliği, eləcə də digər yollarla cəmiyyəti parçalamaq üçün əlindən gələni edib. Bütün bunlar İrandakı rejim tərəfindən yarıgizli, yarıaşkar şəkildə reallaşdırıldığı halda, istər işğal illərində, istərsə də müharibə bitdikdən sonra Qarabağdakı cinayətkar rejimə dəstək fəaliyyətləri tam açıq şəkildə həyata keçirildi. Vəziyyət o yerə çatdı ki, İran Azərbaycanın açıq çağırışlarına, xəbərdarlıqlarına, hətta rəsmi notasına və ölkəmizin Laçın dəhlizindən keçən yükləri müşahidə etmək imkanına məhəl qoymadan, həyasızcasına, Azərbaycanın hər hansı icazəsi olmadan Qarabağa müxtəlif təyinatlı yüklər daşımaqda, oradakı quldur dəstəsini ayaqda saxlamaq üçün hər cür vasitəyə əl atmaqda davam etdi. Hətta, öz maşınlarına erməni nömrələri taxıb, bu yolla Azərbaycanın nəzarətində olmayan ərazilərə yük daşıyacaq qədər cılız, miskin davranışları özünə rəva bildi.

Bütün bunlardan sonra Azərbaycandan hansı reaksiyanı gözləyə bilərdi rəsmi Tehran? Onun Azərbaycana hansısa irad bildirməyə, faktiki olaraq, Qarabağa Azərbaycandan icazəsiz yük aparan və hətta yükün sənədinə də utanmadan “stepanakert” yazan İran daşıyıcılarına tətbiq edilən qadağalara, iki sürücünün saxlanmasına etiraz etməyə və ümumiyyətlə, hər zaman olduğu kimi, ən yeni tariximizdə də bizim yox, qarşımızadkıların yanında olmağa üstünlük verən İranın Azərbaycana nəsə deməyə mənəvi haqqı çatırmı? Xeyr!

 

 

Azərbaycan kimi din qardaşı və özündən həm ərazi, həm də əhali sayı baxımından xeyli kiçik olan (baxmayaraq ki, İran ərazisinin də böyük hissəsi Azərbaycan torpaqlarıdır- red.), uzun illər işğalla mübarizə aparan, bundan böyük iqtisadi və siyasi zərərlər görən, minlərlə şəhidlər verən qonşu ölkəyə hədə-qorxu gəlmək, diş qıcamaq İrana başucalığı gətirmir və adını İslam ölkəsi qoyan bu dövləti idarə edən rejimin mahiyyətini, niyyət və məramlarını ortaya qoyur.

Elə bu qaranlıq niyyətlərə cavab olaraq, ölkə başçısı son açıqlamalarının birində deyir: “İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir... Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -larin sayı sıfıra endi. Baxın, buna gətirib çıxartmaq lazım idi?...”

Doğrudan da, münasibətləri bu yerə gətirmək lazım idimi? Doğrudanmı, 25 min erməninin yaşadığı əraziyə göndərilən yanacaqdan gələn gəlir İran üçün həyati əhəmiyyət daşıyır? Doğrudanmı bu ticarətdən qazanılan 3-5 manat Azərbaycanla münasibətlərdən daha önəmlidir? Əlbəttə ki, yox. Sadəcə, İran bununla kimin yanında olduğunu göstərir və Qarabağın rus hərbçiləri və ermənilərin nəzarətində olan parçasına yanacaq göndərmək iqtisadi yox, siyasi qərardır!

Zaman-zaman Allahşükür Paşazadə kimi absurd mövqe və ifadələrlə İranın müdafisəsinə qalxanlar, İranın xəyanətinə sübut tələb edənlər də olub və var. Alın, bu da sizə sübut: Artıq iş o yerə çatıb, daha doğrusu, İran rejimi öz saymazlığını, hörmətsizliyini o yerə çatdırıb ki, şəxsən ölkə başçısı ortaya konkret faktlar və qəti, birmənalı mövqe qoymağa, hər şeyi öz adı ilə çağırmağa məcbur olub.

A.Paşazadə isə bir müddət əvvəl İranı Qarabağdakı separatçılara dəstəyə görə ittiham edənlərin üzərinə gedərək, onlardan sübut tələb edirdi. Budur, ölkə başçısı sübutunu da, iradını da, mövqeyini də ortaya qoydu. İndi də buyursun, Paşazadə cənabları da İrandan bu cür xəyanətkar mövqe tutmasının hesabını tələb etsin - bacarırsa, buyursun!...  /“AzPolitika.info”

 

 






Fikirlər