ŞUŞAya gedən MÜXALİFƏTÇİLƏR danışdılar...

Oktyabr ayının 7-də ölkənin siyasi partiya rəhbərlərinin və politoloqların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri təşkil olunub.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən səfərdə ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də iştirak edib.

Şuşa səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başlayıb. Daha sonra səfər çərçivəsində iştirakçılar Vaqif türbəsini, Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı ərazini ziyarət ediblər. Səfər iştirakçıları Şuşada aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olublar. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov görülən işlər, tarixi yerlər haqda məlumat verib. Ən sonda Vaqifin məqbərəsi önündə xatirə şəkli çəkilib.

Səfərdə iştirak edən “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, bu, çox önəmli bir ziyarətdir. Müxtəlif siyasi görüşü olan insanların sevgi və  həyəcanla Şuşaya gəlməsi ciddi siyasi hadisədir: “Mən 30 il öncə Şuşaya gəlmişdim. Şuşaya girəndə ürəyimin çırpıntısını hiss etdim. Çünki Şuşa bu millətin mənəvi paytaxtıdır. Azərbaycan dövləti, türk dünyası üçün çox önəmlidi. Şuşanın girişindəki ”Şuşa, sən artıq azadsan" sözlərini oxumaq, azad Şuşanın abad olduğunu görmək bir başqa sevincdir. Daha gözəl olacaq Şuşamız".

Sabir Rüstəmxanlı: “Vətənin taleyi söhbəti gedəndə siyasi ayrı-seçkiliklər olmamalıdır”

Millət vəkili, Vətəndaş İnkişaf Partiyasının sədri Sabir Rüstəmxanlı bildirdi ki, Şuşaya rahat yolla avtobusla gəliblər: “Mən bir anlıq yadıma saldım ki, o yolla bizim əsgərlərimiz gəlib. O əsgər Şuşanı almaq üçün Azərbaycanın müxtəlif guşələrindən gəlib, birgə bu torpaq üçün mübarizə aparıblar. Onlar canları bahasına o birliyi nümayiş etdiriblərsə, bu siyasi partiyalara nə düşüb ki, yan-yana, bir yerdə Qarabağa gələ bilməsinlər? Vətənin taleyi söhbəti gedəndə siyasi ayrı-seçkiliklər olmamalıdır”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Xankəndinin meri olacağı ilə bağlı anonsunu Şuşada da təkrarladı. Dedi ki, Xankəndi də bizimdir, oranın meri də biz olmalıyıq: “Burada da bütün partiyalar yığışıb, Allahın köməkliyi ilə. Bütün dünyaya öz gücümüzü nümayiş etdiririk. Xankəndində də bizim 25 min vətəndaşımız var. Onlara rəhbərliyi də biz edəcəyik ”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu səfəri “qürurlu anların toplusu” adlandırdı. Onun sözlərinə görə, zamanında əsgərlərimizlə Şuşaya qalxmağı çox arzulayıb: “Şəhidlərimizin ruhu da buradadır. O ruhlar, qəhrəman xalqımızın övladları ilə Şuşanın yollarının bağlı olmasına imkan verməyəcəklər. Hamı gələcək. Bu, bütövlükdə gələcək nəsillərimizin yolunun açıq olması deməkdi. Mən 91-ci ilin aprelində sonuncu dəfə Şuşada olmuşdum. İnşallah, şuşalılar öz doğma yerlərinə qayıdıb burada yaşayacaqlar. Ən böyük arzum həm də budur”.

Tural Abbaslı: “Mən hətta bu torpaqlara piyada da gəlməyə hazır idim”

AG Partiyanın başqanı Tural Abbaslı da bütün Azərbaycan xalqının istədiyi zaman Şuşaya gəlməsini, buranın təmiz havasını ciyərlərinə çəkməsini arzulayır: “Nə mutlu bizə ki, bu torpaqlar uğrunda canından keçən əsgərlərimizin qanı batmadı. Şanlı ordumuz bu qisası aldı. Qarabağ sözü gələndə nə iqtidar, nə müxalifət nümayəndələri öz siyasi kimliklərini qabartmırlar. Onun orada qabardılması yersiz görünür. Burada 28 il sonra öz torpağına qayıdan azərbaycanlı obrazı var, Azərbaycan, azad olunmuş torpaqlar var. Siyasi baxımdan bu, gözəl səfərdir. Mən uğrunda minlərlə şəhid, on minlərlə qazi verən torpağa gəlməyi özümə qürur bilirəm. Bu torpaqların hər qarışı fədakarlıqdır. Mən hətta bu torpaqlara piyada da gəlməyə hazıram”.

Səfər zamanı Ədalət Vəliyev də partiya sədrlərinə müraciətlə prezident İlham Əliyevin onlara salamlarını çatdırıb. O, eyni zamanda Şuşa səfərinin, ictimai-siyasi təşkilatların Qarabağ savaşı dönəmində, ondan sonra verdiyi dəstək bəyanatlarının əhəmiyyətindən danışıb: “Azərbaycan nəinki siyasi, hərbi, iqtisadi sahədə, milli-siyasi birliyi ortaya qoymaqla özünün dünyaya birlik mesajlarını verdi. Müharibənin ilk günlərində siz də öz bəyanatlarınızla partiya rəhbərlərinin müharibəyə hazır olduğunu bəyan etdiniz. Müharibə başlayandan sonra da bəyanatla milli birlik ortaya qoyuldu. Enişli-yoxuşlu yollar gedirik. Azərbaycan bu yolda irəliləyərkən milli birliyini, sarsılmaz iradəsini hər zaman göstərib və göstərəcək”.

Ə.Vəliyev bildirib ki, iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitədir. Məhz bu dialoqun vasitəsilə siyasi partiyaların fəaliyyəti üçün hüquqi və təşkilati əsaslar yaradılıb. Ölkəmizdə mövcud siyasi partiyaların sayı bilavasitə Azərbaycanda yaşanan siyasi plüralizmdən xəbər verir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət artır və şaxələnir: “Siyasi həmrəyliyin təcəssümü olan siyasi dialoqun ölkəmizdə mövcudluğu eyni zamanda siyasi sabitliyi təmin edən əsas amillərdən biridir. Təqdirəlayiq haldır ki, hökumətin bu cür təşəbbüslərində alim, siyasi ekspert və şərhçilər də fəal iştirak edirlər. Bununla Azərbaycan hökuməti, əslində müxtəlif sahələrin potensialının səfərbər olunmasını təmin edir. Belə ki, Şuşa şəhərinə təşkil olunmuş səfərdə siyasi partiya nümayəndələri ilə yanaşı politoloq və siyasi şərhçilərin iştirakı heç də təsadüfi sayıla bilməz”.

Fazil Mustafa: “Şuşa kimdədirsə, Qarabağ ondadır”

Millət vəkili Fazil Mustafa Azərbaycanın bütün siyasi qüvvələrinin qələbədən sonra bir yerdə, həmrəylik içində bu gözəl yerləri ziyarət edib, quruculuq işləri ilə tanış olduğunu dedi. Müsahibimiz  ayyarım öncə burada olduğunu və ötən müddət ərzində görülən işin sürətinin və masştabının onu heyrətləndirdiyini dedi: “Bura gələndə bir daha əmin olursan ki, Azərbaycan Ordusu hansı alınmaz qalanı ala bilib. Şuşa Qarabağın taleyidir. Azərbaycan bu qalanı fərh etməklə Qarabağı bütünlüklə fəth edib. Şuşa kimdədirsə, Qarabağ ondadır. Ötən il bu vaxt müharibə həyəcanı yaşayırdıq. İndi isə şəhidlərin, qazilərin sayəsində bu torpaqlara gələ bildik. Bir daha anladıq ki, hər zaman dövlətçilik yolunda hamı bir olmalıdır ki qarışıqlıq, təfriqə olmasın. Dövlət, dövlətin qorunması, vətənin taleyi məsələsində hamı bir yerdə olmalıdır. 30 il əvvəl yaşadıqlarımızı bir daha yaşamamaq üçün bura həm də ibrət olmalıdır”.  /“Yeni Müsavat”

 

244670309_4549889315034194_242782329738448229_n.jpg (38 KB)

244677277_4549888751700917_2225314281147831043_n.jpg (51 KB)

 

 






Fikirlər