Keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus "Fortis Group” MMC ilə "Akkord” şirkəti arasında maliyyə qalmaqalı davam edir.
"Fortis Group” MMC "Akkord”a aid növbəti şirkəti məhkəməyə verib.
Söhbət "Akkord Hidrotechnical Construction Company” MMC-dən gedir. "Fortis Group” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın icraatındadır.
Bundan əvvəl isə Ziya Məmmədovun şirkəti "Akkord General Construction” MMC-ni məhkəməyə vermişdi. İddia alqı-satqı üzrə mübahisələr barədə idi. Bu məhkəmə çəkişməsinin hansı sonluqla yekunlaşdığı barədə açıq mənbələrdə bilgi yoxdur.
"Akkord General Construction” MMC ilə "Akkord Hidrotechnical Construction Company” MMC-nin qanuni təmsilçisləri ayrı-ayrı şəxslər olsa da, hər iki şirkət eyni ünvanda - Bakı şəhəri Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 59-da yerləşir.
"Fortis Group” MMC-yə gəlincə, şirkət 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.
"Fortis Group” MMC "Azbentonit” MMC-nin bazasında yaradılıb. Yəni, 2004-cü ildə yaradılan "Azbentonit” MMC 2015-ci ildə "Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə "Fortis Group” MMC-yə çevrilib.
"Fortis Group” MMC "Garant Holdinq”in törəmə müəssisəsidir. "Garant Holdinq” isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Xatırladaq ki, "Fortis Group” MMC "Akkord”dan əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus "Gilan Holdinq”i məhkəməyə vermişdi. \Qaynarinfo