Keçən həftə Azərbaycan xalqı üçün heç xoş olmayan bir neçə xəbər hamımızı sarsıtdı. Əvvəlcə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin şöbə rəisi polkovnik Xələfov Rəfail Hafiz oğlunun, ardınca Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Tahir oğlunun, N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Sərkərov Fərahim Fazil oğlunun, Müdafiə Nazirliyi Hərbi-Dəniz Qüvvələrinin maliyyə xidmətiniun rəisi Əlizadə Vüsal Ədalət oğlunun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı məlum oldu.
Müdafiə Nazirliyi Maliyyə və büdcə idarəsinin nəzarət-təftiş şöbəsinin rəisi Xələfov Rəfail Hafiz oğlu 9 milyon 650 min manat, Hərbi-Dəniz Qüvvələrinin maliyyə xidmətiniun rəisi Əlizadə Vüsal Ədalət oğlu 1 milyon 800 min manat, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Tahir oğlu 2 milyon 635 min manat, N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Sərkərov Fərahim Fazil oğlu 450 min manat vəsaiti bu və ya digər şəkildə mənimsəyiblər. Onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.
Siyahının genişlənəcəyi gözlənilən idi. Bu belə də oldu, Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı DTX tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da bu gün həbs edildi. Ona qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifıə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Müdafiə Nazirliyinin maliyyə idarəsində imzası bank əməliyyatları üçün keçərli olmayan və idarədə sadəcə şöbə rəisi vəzifəsini daşıyan polkovnik Xəlilovun 10 milyon manata qədər, yeni yaradılan Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Tahir oğlunun 2 milyon 635 min manat, Hərbi-Dəniz Qüvvələrinin maliyyə xidmətiniun rəisi Əlizadə Vüsal Ədalət oğlunun isə 1 milyon 800 min manat vəsait mənimsəməsi, dövlətimizin təhlükəsizliyi baxımından təhlükəli faktlardlr. Sonuncunun sələfi, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovun Cinayət Məcəlləsinin daha çox sayda maddələr üzrə ittiham edilməsi isə yoxlamaların daha uzun müddəti əhatə etməsi və faktların dərindən yoxlanıldığını nümayiş etdirir. Polkovnik Cəlal Kazımovun da təxminən 1 milyon manat vəsait mənimsəməsinə dair iddialar səslənməkdədir.
2014-cü ildə də Müdafiə Nazirliyinin Şəmkir istiqamətində mənimsəmələrə yol verilməsi barədə məlumatlar mövcud idi, HHM və HHQ-nin maliyyə xidmətinin keçmiş rəisi polkovnik-leytenant Babək Səfərov da həbs olunmuşdu. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Elçin Mehdiyev barəsində araşdırmalar aparılmışdı və o, iki ay sərəncamda olduqdan sonra aşağı vəzifəyə, Mehdiyev Naxçıvan Əlahiddə Ordusuna müfəttiş vəzifəsinə göndərilmişdi. O zaman bu məsələlər daha dərindən araşdırılsaydı, günahkarlar adekvat cəzalansaydı, bəlkə də bu gün baş verənlərlərlə qarşılaşmaq ehtimalımız daha az olardı.
DTX keçən ilin iyul ayında Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilən maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunan məlumatlar əsasında cinayət işi açmışdı və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən etmişdi. DTX keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanmışdılar.
Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Əvvəl və indi baş verənlər göstərir ki, bəziləri hələ də daşıdığı hərbi geyimin və paqonların məsuliyyəti tam həcmdə dərk etmir və bu həbslərdən özü üçün lazımı dərs çıxarmayıb.
Təbii ki, qalib Orduya ayrılan vəsaitləri mənimsəyən əliəyri hərbçiləri DTX əməkdaşları deyil, Müdafiə Nazirliyinin nəzarət-audit orqanları və ya Hərbi Prokurorluğun aşkarlaması daha yaxşı olardı. Təbii ki, DTX-nın dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirləri həyata keçirmək səlahiyyətləri mövcuddur, amma DTX-nın məsuliyyət sferası daha genişdir. Odur ki, dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran fəaliyyətlərə qarşı digər məsul qurum rəhbərləri də mübarizə aparmalıdır. Əgər bütün nəzarəti DTX həyata keçirməli deyil, digər cavabdeh orqanlar da bu fəaliyyətlərdə aktiv olmalıdır. Əks halda haqlı şübhələr yarana bilər və hətta yaranırda.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsində və onun tabeliyində olan qurumlarda baş verən bu hadisəyə iki istiqmətdən yanaşmaq lazımdır. Bir tərəfdən bu hadisə 44 günlük Müharibədə Qələbə qazanan qəhrəman Ordumuzun daxilində hələ də natəmiz kadrların mövcud olduğunu göstərdi. İkinci bir tərəfdən isə bu kimi təmizləmələrin aparılması Ordumuzun gələcək perspektivləri baxımından çox əhəmiyyətlidir. Bir az sarsıntı keçirəcəyik, amma bu faktların qarşısının alınması digərlərinə dərs ola bilər. Ümid edirik ki, DTX bu mənimsəmə faktlarını kompleks şəkildə araşdırıb cinayət işini məntiqi sonluğuna çatdıracaq və gələcəkdə biz belə cirkin hallarla daha az və ya ümumiyyətlə rastlaşmayacağıq.
DTX baş verən cinayət faktları ilə əlaqədar araşdırmalarında Müdafiə Nazirliyinin inspeksiyasının, Təhlükəsizlik İdarəsinin, Maliyyə və Büdcə İdarəsinin, Hüquq idarəsinin, qoşunların, biliklərin və hissələrin əvvəlki illərdə keçirdiyi yoxlamaların nəticələrini də araşdıracağı və qəhrəman Ordumuzun sıralarında yer almağa layiq olmayanları, rütbə və vəzifəsindən asılı olmayaraq, qanuni cəzasına çatdıracağına inanırıq.
Mənimsəmə faktlarının DTX tərəfindən aşkarlanması, Hərbi Prokurorluğa və Maliyyə Nazirliyinə də bir siqnal olmalıdır. Belə faktara soyuq münasibət sonradan daha ağır fəsadlara gətirib çıxara bilər. Ümid edirik gələcəkdə digər cavabdeh qurumlar da DTX-dan nümunə götürəcək, fəaliyyətlərini Ordumuzun mənafeyinə və nüfuzuna zərbə vuran yaramazların vaxtında aşkarlanması istiqmətində daha səmərəli şəkildə quracaqlar. Birdəfəlik acğöz təbəqə anlamalıdır ki, “Əl əli yuyar, əl də üzü” prinsipi artıq tarixdə qalıb və “oğrluq cəmi 40 gün çəkir”, çünki Azərbaycanın miqyası ölkədə, xüsusilə də Silahlı Qüvvələrdə baş verənlər barədə ən qısa müddətdə hamının və hər hadisədən xəbər tutmasına imkan verir. Sərbəst internet isə təxris olunan əsgərin və ya ehtiyatda olan zabitin xidmət zamanı qarşılaşdığı neqativ halları paylaşmasına imkan verir. Maddi vəsaitlərin sərf edilmsinə cavabdeh olan az sayda əliəyriliyə meylli şəxslər bunu mütləq nəzərə almalıdırlar. Təbii ki, şəbəkədə yazılanları hamısı doğru deyil, amma onlarla və ya yüzlərlə insan eyni şəxs haqqında eyni tipli iddianı səsləndirirsə, deməli bu artıq fakt kimi dəyərləndiriləcək və tez-ya gec aidiyyəti orqanda araşdırılacaq. Odur ki, vətəndaşlarımız nəinki xidmət dövründə, mülki həyatda da dövlətin vəsaitinə əl uzatmamalıdır, uzatmaq niyyətinə düşənlər isə əvvəlcədən bir neçə dəfə bu barədə düşünməlidirlər.
Barmaqla sayılacaq qədər vicdan azlığından əziyyət çəkən insanların acgözlüyü heç bir halda qalib Ordumuzun və onun şəxsi heyətinin nüfüzuna xələl gətirə bilməz, əksinə bu hadisələr Ordumuzun ziyankarlardan daha erkən təmizlənməsi baxımından müsbət nəticələrə gətirib çıxaracaq.
İstənilən halda yüksək zabit rütbəsini daşımağa layiq olmayan hərbçilərin qalib Ordumuza ayrılan pula əl uzatması, 3000 metr yüksəklikdə bizi qoruyan əsgərin ərzaq, əşya, yanacaq, texnika və digər təminatı üçün nəzərdə tutulan maddi vəsaitləri mənimsəməsi nə dövlətimiz, nə xalqımız, nə də qanunlarımız tərəfindən bağışlanmayacaq.
Son 200 ildə ilk dəfə qanı və canı bahasına düşmən ordusunu darmadağın edən, onu dizi üstə çökdürən zabit və əsgərlərimiz üçün nəzərdə tutulan vəsaiti mənimsəyən insanlar və onların qanunsuz fəaliyyətlərinə göz yumanlar və ya bu şərəfsizliyə şərik olanlar, heç bir halda zabit rütbəsi daşımalı deyil. “Zabit şərəfi” deyə bir anlayış var, zabitlər qınaq altında ləyaqətsiz yaşamaqdansa, öz əlləri ilə ölümü seçərdilər. Görünür adı çəkilənlərin ya “Zabit şərəfi” anlayışından xəbəri yoxdur, ya buna cürət edə bilməyiblər, ya da DTX əməliyyatı bir göz qırpımında həyata keçirib. Adını çəkməyəcəyim birisinin pəncərədən tullanması barədə eşitdiyim, “bir göz qırpımı” ehtimalının doğruluq payını artırır.
Bu faktların gələcəkdə təkrarlanmaması üçün müəyyən tədbirlərin həyata keçirilməsinə zərurət yaranıb. Bəlkə də real ictimai və ya parlament nəzarəti, yaxud da yalnız Ali Baş Komandana tabe olacaq Baş İnspeksiyanın yaradılması güc strukturlarında vəziyyətə nəzarət etməkdə faydalı ola bilər. Bunun üçün beynəlxalq təcrübəni öyrənmək və onu uyğun bir şəkildə tətbiq etmək də mümkündür. Bu təkliflərin qəbulu və tətbiqi müəyyən zaman tələb edir. Ən səmərəli və qısa yol isə mütəmadi olaraq, dövlət xadimlərinin, ictimaiiyyət nümayəndələrinin və ya xüsusi təyin edilən müstəqil komisiyaların hərbçilərlə görüşməsi, onlarla sorğular keçirməsi və nəticələr barədə təyin olunan raportları aidiyyəti üzrə təqdim etməsi, bəlkə də xoşagəlməz halların qarşısını alınmasında və önləyici tədbirlər görmək üçün səmərəli ola bilər.
Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın dəstəyi hesabına biz 200 il ərzində ilk dəfə mənfur düşməni dizi üstə çökdürmüşük. Ali Baş Komandan Qarabağın bərpası üçün böyük vəsaitlərə ehtiyac olduğu bir vaxtda belə, yenə də əvvəl olduğu kimi, qalib ordumuza ayrılan vəsaiti və xidmətdə olan hərbçilərin maaşlarını artırır. Bəzi ləyaqət hissindən uzaq insanlar isə Orduya ayrılan vəsaiti mənimsəyərək Ali Baş Komandanımıza və Ordumuza xəyanət etməkdən çəkinməyiblər. Heç bir şübhəm yoxdur ki, bu xəyanətkarlar və onların himayə edənlərin hamısı qanunlarımız çərçivəsində ən sərt və layiqli cəzalarını alacaqlar.
Ədalət Verdiyev, hərbi ekspert
Fikirlər