Mahir Aslanovun tikinti şirkətinin VƏTƏNDAŞA QARŞI DƏLƏDUZLUĞU...
“Biz keçmiş deputat Mahir Aslanovdan şikayətçiyik. Onun “KƏPƏZ-M” MTK tikinti şirkətinə mənzil almaq məqsədilə pul ödəmişik. Amma bizi aldadıblar, nə pulumuzu qaytarırlar, nə də mənzilləri”.
Sabiq deputat Mahir Aslanovdan şikayətçi olan Hüseynağa Heydərov başına gətirilənlərdən danışıb.
Sabiq deputat, hazırda bizneslə məşğul olan Mahir Aslanovdan şikayətçi olan Hüseynağa Heydərov 2020-ci il də KƏPƏZ-M tikinti şirkətindən Xırdalan şəhərində inşa etdiyi binadan mənzil almaq üçün müraciət edib. Altı ay ərzində şirktə üç mənzilin pulunu ödəyib. Amma sonradan bəlli olub ki, Mahir Aslanovun şirkətində mənzili başqasına satıblar.
Daha sonra aydın olub ki, mənzili alan şəxs MTK-nın öz əməkdaşıdır. Başqasına satılan mənzilin şirkətin öz əməkdaşına satılması əslində şübhə yaradıb. Əslində isə “KƏPƏZ-M” MTK-da belə vəziyyətlə rastlaşan təkcə Hüseynağa Heydərov deyil. Iddiaya görə, daha 8 nəfərin də başına bu cür oyun gətirilib.
Hüseynağa Heydərov əməkdaşımızla söhbəti zamanı bildirib ki, bu işlə əlaqədar onlara Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses gedib:
“Ötən gün prosesə yekun vurulub və şirkətdə işləyən bir nəfərə 8 il 6 ay cəza verildi. Əslində fağırın biri idi, həmin şirkətin öz işçisidir. Onu tapıb irəli verdilər. Nəticə olaraq mənə dəyən ziyanla bağlı heç bir qərar qəbul edilməyib”.
Şikayətçi qeyd edib ki, özü bir dəfə Mahir Aslanovla görüşüb problemi həll etməyə çalışıb:
“Deyir ki, mənə pul verməmisiniz, kimə vermisinizsə, gedin ondan alın. Halbuki MTK-nın rəhbəri özüdür. Biz tikilən binanın satış üzrə menecerinə pul vermişik. Keçmiş deputat da deyir ki, nahaq ona pul vermisiniz, pulu şəxsən mənə verərdiniz. Biz də deyirik ki, bu sənin işçin, sənin ofisin, sənin şirkətindir, üstəlik ofis tikdiyin binada yerləşir. Məhkəmə prosesi zamanı da meneceri dedi ki, pulları gətirib baş mühasibə verib”.
Şikayətçi bildirib ki, üç mənzil almaq istədiyi halda böyük problemlə üzləşib:
“Biz rəsmi şəkildə pul ödəmişik. Niyyətimiz üç mənzil almaq olub. Əvəzində ziyana salınmışıq. Mənə dəyən ziyanı istintaq hesablayıb. 168 min 200 manat ziyan vurublar. Və ən dəhşətlisi budur ki, nə pulumuzu, nə də almaq istədiyimiz mənzilləri qaytarmaq istəyirlər”.
Hüseynağa Heydərov deyib ki, artıq məsələ ilə əlaqədar Prezident Administrasiyasına şikayət edəcək:
“Mən dayanmayacağam, şikayətlərimi davam etdirəcəyəm. Bu adamın bəlkə də milyardları var. Amma bizim zülmlə topladığımız pullara göz dikiblər. Biz də halal pulumuz və haqqımız üçün sona qədər mübarizə aparacağıq”./Teleqraf.com