“Yerindən qalxıb, dişlərini fırçalaması, iş paltarını geyinməsi cəmi 5 dəqiqə çəkir”.
Bunu “The Guardian”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya həyat yoldaşı barədə müsahibəsində deyib.
“Sağlamlığından narahatam, stresdən xəstələnə bilər”
Ukraynanın birinci xanımı vurğulayıb ki, Volodimir Zelenskinin səhhətindən narahatdır: "Həqiqətən nizam-intizam onun ikinci adıdır. Zəngli saat çalır - o, yatağından qalxır, dişlərini fırçalayır, iş paltarını geyinib gedir və bütün bunlar cəmi beş dəqiqə çəkir, mən isə yarım saat yerimdə fırlanıram.
Onun psixoloji keyfiyyətləri var: stresin öhdəsindən gəlmək və nizam-intizamı qorumaq. Mən onun psixi sağlamlığından deyil, fiziki sağlamlığından narahatam - həmişə çətin dövrlərdən sonra xəstələnir. Bununla bağlı onu izləməyə çalışıram. Amma bütün kişilər kimi o da hərarəti və ya qan təzyiqini yoxlamağı sevmir”.
“Hətta hamı təslim olsa belə, o təslim olmur”
Ukrayna Prezidentinin xanımı qeyd edib ki, Volodimir Zelenski telekameralarla işləməyi bilir, amma manipulyasiya etmir və oynamır.
"Mən onu hamıdan yaxşı tanıyıram. Və o, hər kəsin nəyinsə qeyri-mümkün olduğunu dediyi situasiyalarda hər şeyi başa düşən və məqsədinə çatan insandır. Həm də başqalarını ruhlandırır. O, heç vaxt təslim olmur, hətta ətrafındakıların hamısı təslim olsa belə”, - Yelena Zelenskaya deyib.
Birinci xanım həmçinin vurğulayıb ki, onun ukraynalılara etdiyi bütün müraciətlər səmimidir.
"Gördüm ki, müraciətlər üçün çox emosionaldır. Onu tanıyan bir insan kimi, fikrini insanlara çatdırmaq üçün əlindən gələn bütün emosional rıçaqlardan istifadə etdiyini düşünürəm. Amma bu, manipulyasiya deyil, səmimi idi - o, həqiqətən də həmin hissləri yaşayıb, bu, dəqiqdir”, - Zelenskaya əlavə edib.
“Ukraynalıları qələbədən sonra böyük çətinliklər gözləyir”
Eyni zamanda birinci xanım bildirib ki, Ukrayna Prezidenti mətnləri çox tez əzbərləyir və telekameralar qarşısında özünü inamlı hiss edir.
"O, mətnləri çox tez xatırlayır və inamla danışa bilir. Telekameralarla necə işləməyi bilir. Amma oynamır, sadəcə bunu yaxşı etmək bacarığına malikdir. İctimai yerlərdə çıxış etmək mənim üçün inanılmaz dərəcədə çətindir, hər dəfə stres keçirirəm, amma bu onun üçün təbiidir”, - Zelenskaya vurğulayıb.
Ölkənin gələcəyindən danışan Zelenskaya qeyd edib ki, ukraynalıların qələbəsindən sonra onları böyük çətinliklər gözləyir.
"Təbii ki, çoxumuz heç vaxt belə şəraitdə olmamışıq. Qarşıda bizi ciddi çətinliklər gözləyir", - Zelenskaya bildirib.(report.az)