Taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzi AÇILDI ...
Ötən həftə İstanbulda imzalanmış taxıl dəhlizi haqqında saziş çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi olub. Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Birgə mərkəz İstanbuldakı Milli Müdafiə Universitetində fəaliyyət göstərəcək. Mərkəzin işində Türkiyə, Rusiya və Ukrayna təmsilçiləri ilə yanaşı, BMT nümayəndələri də yer alacaq. Koordinasiya mərkəzinin açılışında iştirak edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, taxıl dəhlizi vasitəsilə Ukrayna limanlarında qalmış 25 milyon tondan çox taxılın təhlükəsiz daşınmasına imkan yaranacaq. Xatırladaq ki, ötən həftə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl dəhlizinə dair saziş imzalanıb.