Avropa dövlətlərindən Azərbaycana xitab: “Siz olmasaydınız...”
Ötən həftənin Azərbaycan üçün önəmli hadisəsi Prezident İlham Əliyevin Bolqarıstana səfəri və səfər çərçivəsində keçirilən görüşlər, verilən bəyanatlar oldu. Qeyd edək ki, Prezident İlham Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var. Birincisi, Azərbaycan və Bolqarıstanın bu il diplomatik münasibətlərinin 30 illiyi qeyd edilir, ikincisi, bu səfər çərçivəsində oktyabrın 1-də rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı qeyd edilib. Görüş və danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. Rumern Radev Prezident İlham Əliyevi Bolqarıstanın dostu adlandırıb və qeyd edib ki, ölkələrimiz ənənəvi olaraq dostluq münasibətlərinə malikdir, həqiqi, səmimi əməkdaşlıq edir. Ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var və artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Azərbaycan Bolqarıstan üçün arzuolunan, etibarlı tərəfdaşdır. Əməkdaşlığımız bir çox sahələr üzrə irəli aparılacaq. Prezident İlham Əliyev isə bildirib ki, bu səfərin nəticələri çox uğurlu olacaq və bu gün əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcək, necə ki, bundan əvvəlki dövrlərdə əldə edilmiş razılaşmalar yerinə yetirilirdi. Sitat: “Xüsusilə 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu bəyannamə həm bizim əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda o bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Siyasi əlaqələrə gəldikdə, təkcə bizim təmaslarımızı qeyd etmək kifayətdir, eyni zamanda nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Mənim səfərim, əlbəttə, bir az gecikib, amma buna səbəb COVID-dir. Mən COVID-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər etmişəm. Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir...” Prezident İlham Əliyev deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq. İlham Əliyev Bolqarıstanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Rumıniyanın baş naziri Nikolae-Yonel Çuke ilə, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə və digər önəmli rəsmilərlə də görüşüb. Görüşlərdə həm ikitərəfli tərəfdaşlıq münasibətləri, həm Avropa İttifaqı müstəvisində tərəfdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib. Siyasi analitiklər hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri hazırkı mürəkkəb beynəlxalq şərtləri içərisində hər iki ölkənin maraqlarının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Elçin Mirzəbəyli Politoloq Elçin Mirzəbəyli Prezidentin Bolqarıstan səfərinin Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə münaisbətlərinin yüksək səviyyədə qurulduğunu bir daha nümayiş etdirdiyini bildirdi: “Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə, o cümlədən Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa ilə strateji tərəfdaşlıq münasibətlərindədir. Ölkəmizin nəinki Aİ üzvü olmadığını, həmçinin ittifaqla assosiativ saziş belə imzalamadığını, eləcə də enerji təhlükəsizliyi amilinin müasir dünyada dövlətlərin təhlükəsizliyi üçün ən mühüm faktora çevrildiyini nəzərə alsaq, Azərbaycanın Avropa İttifaqının nəinki enerjisi təhlükəsizliyinə, bütövlükdə təhlükəsizliyinə Fransadan dəfələrlə çox töhfə verdiyini söyləyə bilərik. Prezidentin səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də, qənaətimə görə, həm də mühüm geosiyasi və geoiqtisadi hadisədir. Məlum olduğu kimi, sözügedən interkonnektor Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verməklə yanaşı qitənin enerji təhlükəsizliyinə də böyük fayda verəcək. Bu isə, şübhəsiz ki, ölkəmizin mövqelərinin, təsir imkanlarının daha genişlənməsinə zəmin yaradacaq”. E.Mirzəbəyli həmçinin hesab edir ki, Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatındakı mühüm rolu, həmçinin ölkəmizin öhdəliklərinə sadiq qalması, məsuliyyətli və prinsipial davranışları ilə bağlı verilən mesajlar, Avropa İttifaqına üzv olan bəzi ölkələrin, xüsusilə də Fransanın Cənubi Qafqazda sərgilədiyi destruktiv siyasətin fonunda rəsmi Bakının məharətli diplomatik gedişi kimi də qiymətləndirilə bilər. Səfər eyni zamanda Azərbaycanla Aİ-yə üzv olan bəzi iddialı dövlətlərin təmsil olunduqları ittifaq çərçivəsində belə öz öhdəliklərinə və prinsiplərinə nə dərəcədə sadiq qaldıqlarını müqayisə etmək üçün də geniş imkanlar yaradır. Politoloqun sözlərinə görə, Serbiya Aİ-yə üzv olmasa da, bu ölkənin dövlət başçısı Aleksandar Vuçiçin Azərbaycan Prezidentinin enerji dəhlizləri və ötürücülərinin şaxələndirilməsindəki rolu barədə söylədikləri “İlham Əliyev olmasaydı, bizim üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı” fikirləri özündə çox şeyi, həmçinin hədəf liderin xarakterik keyfiyyətlərini ifadə edir.Azərbaycan Prezidentinin Bolqarıstan səfərində dünyaya verdiyi mesajlar