Rusiyanın Qarabağla bağlı ŞOK PLANI ÜRƏYİNDƏ QALDI...

Dünən erməni mətbuatında özünü Qarabağ separatçılarının "dövlət naziri" elan edən Ruben Vardanyanın "tutduğu vəzifədən" azad ediləcəyi haqda informasiya yayıldı. İddialara görə, "artsaxın hazırkı daxili işlər naziri" Karen Sarkisyan Vardanyanı əvəz edəcək.

Rusiya Ruben Vardanyanın vəzifəsindən göndərilməsinə göz yuma bilərmi?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay Musavat.com-a bildirib ki, Qarabağda mübarizə sürətlə davam edir:

hasan.jpg (57 KB)

"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycanı üz-üzə gətirməklə Qarabağın yükünü Ermənistanın üzərindən atmağa çalışır. Özünü separatçı rejimin naziri kimi qələmə verən Ruben Vardanyan açıq şəkildə Paşinyana qarşı çıxaraq Rusiyada və Ermənistanda müxalifətin tərəfində çıxış edir, özünü müstəqil kimi göstərir. Belə olan halda Paşinyan xüsusilə Avropa İttifaqından alacağı dəstəklə Qarabağ problemindən qurtulmaq istəyir. Rusiya isə iki dövlət arasındakı durumdan istifadə edərək regionda mövcudluğunu qorumağa çalışır. Çox təhlükəli bir vəziyyət yaranıb. Çünki Rusiya Abxaziya, Cənubi Osetiya, Donbas və Krım modelini Qarabağda da tətbiq etmək istəyir. Ancaq müharibə səbəbindən Rusiyanın bu istəyi ürəyində qalıb. Rusiya bir tərəfdən bölgəni nəzarətdə saxlamaq istəyir, digər tərəfdən də məsələyə Ermənistanla Azərbaycan arasında problem kimi baxdığını bildirir. Hazırkı vəziyyət Ermənistana sərf etmir, çünki Qarabağ indiki Ermənistan hakimiyyəti üçün ciddi iqtisadi yükdür. Azərbaycan üçün də 44 günlük müharibədən sonra bitdiyi deyilən Qarabağ probleminin yenidən başlaması təhlükəlidir. Əslində, Rusiya regionda kiçik problemləri qabartmaqla, buna diqqət çəkməklə Ruben Vardanyan üzərindən vaxt qazanmağa çalışır. Əgər Rusiya Vardanyanı Qarabağa göndərərkən əldə etmək istədiyi nəticəni qazanıbsa, onu başqasının əvəz etməsinə göz yuma bilər. Əks halda məsələni böyüdərək bölgədə mövcudluğunu davam etdirməyə çalışacaq. İstənilən halda Rusiya sülhməramlı qüvvələrin Qarabağda qalma müddətini uzatmaq üçün mövcud böhranları daim tətikləyəcək".

 






Fikirlər