“KRİMİNAL OLİQARX VARDANYAN BİZİM ƏRAZİMİZİ TƏRK ETSİN!...” – "Bu gün tarixi gündür..."
“Hazırkı vəziyyəti düzgün qiymətləndirmək üçün biz bir qədər tarixə də nəzər salmalıyıq. Bizim torpaqlarımız təxminən 30 il boyunca Ermənistanın işğalı altında qalıb”. APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında çıxışı zamanı deyib. “Baş nazir Qaribaşvili vurğuladı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya heç bir sanksiya tətbiq edilməyib. Mən də həmçinin deyə bilərəm ki, Ermənistan 27 il boyunca Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmədi və onlara heç bir sanksiya tətbiq olunmadı. Biz müharibədən qaçmaq məqsədilə hər zaman Ermənistana sanksiya tətbiq edilməsinə çağırırdıq. Biz Minsk Qrupunun nəticə verməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etməsini gözləyirdik, lakin biz heç bir hərəkət görmədik. Ümumi anlayış var idi ki, bu münaqişə artıq dondurulub. Beləliklə biz sübut etdik ki, bu dondurulmuş (münaqişə-red.) deyil. Beləliklə biz öz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirmək üçün döyüşməli və 3000 həyatı qurban verməli olduq. Ona görə də biz Qarabağdakı bugünkü vəziyyəti və ya bizim erməni icması ilə kommunikasiyasımızı kontekstdən çıxara bilmərik və 30 illik işğalı, Livanın ərazisi böyüklükdəki ərazinin tamamilə dağıntılar altında olduğunu sadəcə yaddan çıxara bilmərik. Bu yadplanetlilər tərəfindən edilməyib, bu gəlib bizim torpağımızı işğal edən, 1 milyon azərbaycanlını evsizə çevirən, 67 məsciddən 65-ni dağıdan, onları murdarlayan qonşularımız tərəfindən edilib. Daha sonra biz onları qovduq və onlar indi “ədalət” üçün müraciət edirlər. Torpaqlarımızı 30 il işğal edənlər, indi bizi işğalda ittiham edirlər”, - dövlət başçısı qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktıdır. Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın Qarabağın erməni icması ilə praktiki kommunikasiyaya başlaması yalnız Rusiya vətəndaşı olan kriminal oliqarx Ruben Vardanyan Azərbaycan ərazisini tərk edərsə, mümkün olacaq: “Həmçinin bir şey də unudulmamalıdır ki, Baş nazirin müraciət etdiyi 2020-ci ilin noyabrındakı üçtərəfli bəyanat əslində Ermənistanın de-fakto kapitulyasiya aktıdır. Biz müharibədə savaşdıq və müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən tanındı. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin Baş nazirə verdiyi yeni mandatdır və bu, sülh mandatıdır. Ona görə də biz gələcəyə baxmalıyıq. Sessiyadan öncə də müzakirə etdik – bu gün tarixi bir gündür, üç lider müstəqil ölkələr kimi ilk dəfə birlikdədir. Biz bu fürsəti qaçırmamalıyıq. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı bütün azlıqlar eyni mədəni, linqvistik və digər hüquqlara və üstünlüklərə, həmçinin təhlükəsizliyə malikdirlər. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyaya başlamağa hazırıq və bu gün Dövlət Katibi Blinkenin önündə də mən ermənistanlı həmkarıma bunu dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, Avropada çirkli pulların yuyulmasında iştirak edən kriminal oliqarx Vardanyan bizim ərazimizi tərk etsin".