Xankəndidəki erməni terrorçuların gizli hədəfi ortaya çıxdı: Kremlin "təxribat emissarı"
Azərbaycan Cənubi Qafqazda mütləq geopolitik iradə sahibinə çevrilib. Bu regionun hərbi-siyasi gündəmini birmənalı şəkildə rəsmi Bakı müəyyən edir. Cənubi Qafqazda geopolitik proseslər birbaşa Azərbaycanın hərbi-siyasi iradəsi altında cərəyan edir. Və bu regionda maraqları olan bütün beynəlxalq güc mərkəzləri də artıq bu reallığı tədricən qəbul etməyə başlayıblar. Rəsmi Bakının Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgəsində "Laçın" nəzarət-buraxılış məntəqəsinə yönəlik beynəlxalq reaksiyalar da artıq müəyyən nəticələr çıxarmağa imkan verir. Ən azından ona görə ki, dünyanın heç bir dövləti və beynəlxalq qurumlar rəsmi Bakının bu addımına qarşı çıxmadı. Çünki beynəlxalq hüquq normaları Azərbaycana bu addımı atmaq imkanı və haqqı verirdi. Düzdür, Ermənistanın "bacısı" Fransa və rəsmi Parisin nəzarəti altında olan ermənipərəst və korrupsioner deputatlardan ibarət Avropa Parlamenti Azərbaycana etiraz etməyə çalışdı. Əsas arqumentlər isə "Laçın" postunun qurulması deyil, onun müvəqqəti bağlanması ilə bağlıydı. Rəsmi Bakı isə bu strateji obyekti Ermənistanın hərbi təxribatatına cavab olaraq, istintaq məqsədilə müvəqqəti bağladığını bəyan etmişdi. Hazırda "Laçın" postu fəaliyyətini artıq bərpa edib.
Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Xankəndi və ətraf bölgədə yaşayan erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün ardıcıl və prinsipial addımlar atır. Erməni azlığının reinteqrasiyasını ləngitməyə cəhd edənlər isə bütün imkanlarından yararlanmağa çalışırlar. Halbuki, bu prosesin qarşısını almağın mümkün olmadığını artıq onlar da anlayır. Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan son vaxtlarda ardıcıl olaraq, üç dəfə Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını rəsmən etiraf və bəyan edib. Üstəlik, erməni baş nazir bu barədə etirafları Avropada, Rusiyada və Ermənistanda dilə gətirib. Bununla həm də "erməni nağılları və xəyalları"nın həmişəlik iflasa uğradığı da birmənalı şəkildə etiraf edilib. Üstəlik, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Josep Borrell də Avropa Parlamentində bu qondarma "mövzu"nun müzakirəsi zamanı Ermənistan baş nazirinə istinad etməyi vacib sayıb: "Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etdi. Nikol Paşinyan Ermənistan rəhbərləri arasında belə bəyanatla çıxış edən ilk lideridir". Göründüyü kimi, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyası qarşısıalınmaz bir prosesə çevrilib. Hazırda rəsmi İrəvan bölgədəki erməni azlığına hansısa imtiyazlar qopartmaq cəhdlərini davam etdirməyə çalışır. Halbuki, Paşinyan hakimiyyətinin gündəmdə saxlamağa çalışdığı "beynəlxalq mexanizmlər" iddiasını rəsmi Bakı qətiyyətlə bloklayıb.
Rəsmi Bakı bəyan edib ki, erməni azlığının hüquq və təhlükəsizliyi üçün heç bir "beynəlxalq mexanizm" müzakirə edilməyəcək. Çünki Qarabağdakı erməni azlığı da daxil olmaqla, bütün vətəndaşların hüquq və təhlükəsizliyinin qorunması üçün məhz Azərbaycan Konstitusiyası mövcuddur. Azərbaycan vətəndaşlığını qəbul edib, Xankəndi və ətraf bölgədə yaşamaq istəyən ermənilərin hüquq və təhlükəsizliyini də ölkə konstitusiyası təmin edəcək. Maraqlıdır ki, Xankəndi və ətraf bölgədə Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin başladılması üçün çağırışlar edən ermənilər də kifayət qədərdir. Hətta bu prosesə təkan vermək üçün Qarabağ ermənilərinin ictimai hərəkatı da yaradılıb. Həmin hərəkatın rəhbəri Artur Aqacanovun son müraciəti isə xüsusi maraq doğurur. Məsələ ondadır ki, Artur Aqacanov rəsmi Bakının Qaradağ ermənilərinin təmsilçilərinə reinteqrasiya və infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı məsələləri müzakirə etmək üçün iki dəfə görüş təklif etdiyini xatırladıb. O, həmin təkliflərin cavabsız buraxılmasından təəssüfləndiyini də vurğulayıb. Və o, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlığına müraciət edib. Artır Aqacanovun fikrincə, rəsmi Bakı ilə konstruktiv dialoq imkanları açıq olduğu bir vaxtda Araik Arutyunyan, Ruben Vardanyan, Samvel Babayan və digər arzuolunmaz pozucu ünsürlərin provokativ davranışları müşahidə olunur: "Onların əsas məqsədi öz təxribatları ilə situasiyanı daha da gərginləşməsinə nail olmaqdır. Onlar Qarabağ ermənilərini qorxudaraq, Azərbaycanın rəsmi dairələri ilə ünsiyyət qurmasını əngəlləyirlər".
Erməni ictimai fəal hesab edir ki, reinteqrasiya prosesini əngəlləmək üçün təxribatlar törədən separatçılar - Araik Arutyunyan mümkün qədər öz "hegemonluğunu"uzatmaq, Ruben Vardanyan siyasi karyera qurmaq, Samvel Babayan isə Qarabağ ermənilərini yenidən "savaş bataqlığı"na çəkmək məqsədi güdür. Bu separatçılar öz şəxsi maraqları üçün Qarabağ ermənilərini növbəti dəfə qurbana çevirməyə hazırdırlar. Azərbaycan isə Qarabağ ermənilərinə təhlükəsizlik, sosial müdafiə və inkişaf təminatı verir". Göründüyü kimi, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara qarşı ictimai müqavimət və etiraz dalğası baş qaldırmağa başlayıb. Araik Arutyunyan və onun separatçı-terrorçuları Qarabağın erməni azlığını nəzarətdə saxlamaqda artıq çətinlik çəkirlər. Xüsusilə də, rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasından sonra erməni separatçı-terrorçular ümumiyyətlə, çıxılmaz vəziyyətə düşüblər. Ermənistanda nəşr olunan "Hraparak" isə iddia edir ki, hazırda erməni separatçılar arasında panik durum hökm sürür. Erməni nəşri Araik Arutyunyanın Xankəndi və ətraf bölgədə müxtəlif qruplarla məsləhətləşmələr aparır, mövcud vəziyyətdən çıxış yolları axtarır. Ancaq Araik Arutyunyanın vəziyyətin ağır olduğunu xüsusi olaraq, vurğulanması erməni separatçı-terrorçular arasında təşviş əhval-ruhiyyəsini daha da dərinləşdirir. Ermənistan nəşri vurğulayır ki, erməni separatçı-terrorçuların mütləq əksəriyyəti Xankəndi və ətraf bölgədə bundan sonra qalmağın mənasız olduğu qənaətinə gəliblər və oranı tərk etməyin yollarını axtarmağa başlayıblar. Onu da qeyd edək ki, Araik Arutyunyan və onun yaxın ətrafının da Qarabağı tərk etmək qərarına gəldiyi bildirilir. Belə ki, onlar rəsmi Bakı reinteqrasiya anlaşmasının əvəzində özləri üçün bölgəsi təhlükəsiz tərk etmək hüququ istəyirlər. Bəzi məlumatlara görə, məhz Rusiyanın "təxribat emissarı" Ruben Vardanyan bu prosesin qarşısını almağa çalışır. Onun Araik Arutyunyan ilə son görüşündən sonra erməni separatçılar rəsmi Bakıyla təmasları təxirə salmaq qərarı veriblər. Və bu, o deməkdir ki, hazırda Kremlin "təxribat emissarı" reinteqrasiya prosesi qarşısında əsas əngəl rolunu oynayır. Elçin XALİDBƏYLİ,Qarabağ ermənilərinin ictimai hərəkatı Araik Arutyunyan və digər separatçı-terrorçulardan Azərbaycana inteqrasiyaya əngəl törətməməyi tələb edir, ən qısa zamanda bu prosesin başladılmasına çağırır... Məlumatlı mənbənin iddiasına görə, erməni separatçı-terrorçular arasında panik durum hər ötən gün daha da güclənir, onların mütləq əksəriyyəti Xankəndi və ətraf bölgədə bundan sonra qalmağın həm mənasız, həm də təhlükəli olduğu qənaətinə gəliblər...
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu