Ekspert millət vəkilini “SƏHV” çıxardı- LOMBARD məsələsində
Natiq Cəfərli: “Deputat Rüfət Quliyevin hansı məntiqlə…” “Azərbaycanda lombardların fəaliyyətini dövlət nəzarətinə almaq lazımdır”. Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda bu sahədə fırıldaqçılıq halları artdığına görə dövlət lombardların fəaliyyətinə nəzarət etməlidir. Deputatın fikrincə, bu vəzifəni Maliyyə Bazarlarına Nəzarət Palatası öz üzərinə götürə bilər. Görəsən, bazar iqtisadiyyatı şəraitində lombardların fəaliyyətini dövlət nəzarətinə almaq nə dərəcədə məntiqlidir? İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında lombardlara dövlət nəzarətinin tətbiqinin bazar qaydalarına zidd olduğunu deməklə yanaşı və təklifin müəllifi R. Quliyev sovet düşüncə tərzindən əl çəkməməkdə suçladı: “Təəssüf ki, hələ də Azərbayanda bir çox məmur və deputatlar sovet yanaşma tərzindən xilas ola bilmir. Onlar düşünür ki, dövlətin nəzarəti və iştirakı olduğu yerdə daha çox effektiv nəticə əldə etmək olar. Ancaq bütün sovet tarixi və dünyanın keçdiyi yol göstərir ki, dövlət iqtisadiyyata nə qədər çox aktiv müdaxilə edirsə, bu iqtisadiyyatın effektiv idarəedilməsini bir o qədər aşağı salır. Bu mənada lombardların da dövlət nəzarətinə alınması heç bir effekt verməyəcək. Çünki yanaşma tərzi və işləmə funksiyası onların ancaq bazar qaydalarına uyğun olaraq fəaliyyət göstərmələrini özündə ehtiva edir. Dövlətin nəzarəti fonunda onun ciddi effekt verəcəyini düşünmürəm. Lombardları dövlətin nəzarətinə verməklə həmin deputat faizlərin aşağı çəkiləcəyini, yoxsa effektivliyin artacağını düşünür? Bunun məntiqi yoxdur. Deputat Rüfət Quliyevin hansı məntiqlə belə bir təkliflə çıxış etdiyi mənə aydın deyil. Lombardların fəaliyyəti genişlənəcək, rəqabətli mühit yaranacaqsa, dövlətin müdaxiləsi zəifləyəcəksə, onda faizlər də aşağı enəcək. Amma birbaşa dövlət nəzarətində olub, eyni faiz, eyni oyun qaydaları təklif olunacaqsa, lombardların effektivliyi və çevikliyi də itəcək”.