İRƏVAN BÜTÜN cəbhələrdə uduzur: 2019 QARABAĞ İLİDİR!

İrəvan bütün cəbhələrdə uduzur: 2019 Qarabağ ilidir

Azərbaycan siyasi rəhbərliyinin Dağlıq Qarabağla bağlı apardığı uzunmüddətli siyasət çox uğurlu nəticələr verdi. Ermənistanda hakimiyyət dəyişikliyi, İrəvanın KTMT çərçivəsində məğlubiyyəti və böhrana sürüklənməsi bunun bariz nümunəsidir.

Bu sözləri Axar.az-a 2019-cu ildə Dağlıq Qarabağa dair gözləntiləri haqda danışan Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Qarabağ klanının tamamilə məğlubiyyətə uğraması və bu fonda Ermənistanda qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi özlüyündə Qarabağ ətrafında yeni vəziyyət yaradır:

“Paşinyanın hakimiyyəti elə bir dövrə təsadüf edir ki, Ermənistan tamamilə təcrid vəziyyətindədir. Ölkənin iqtisadiyyatı demək olar ki, yoxdur, dövlətin pulları tamamilə mənimsənilib. Ermənistan ordusu sadəcə KTMT və Rusiyadan asılı vəziyyətdə olan bir hərbi birləşmədir. Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağın işğalda saxlanılması yönündə qurulmuş bütün sistem dağıdılıb. KTMT heç bir vəchlə Dağlıq Qarabağ mövzusuna girişməyəcək. Qazaxıstan, Belarus və Rusiya isə Ermənistanı müdafiə etməyəcəklərini artıq rəsmən bəyan ediblər. Beləliklə, buradan iki nəticə hasil olur. Birincisi, Ermənistan təklənmiş vəziyyətdədir. İkincisi, işğalçı dərin siyasi böhran yaşayır”.

Politoloqun sözlərinə görə, Avropa İttifaqının və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi də 2019-cu ildə danışıqlar prosesinə təkan verəcək:

“Ermənistan növbəti ilə Qarabağ mövzusunda uduzmuş bir şəkildə daxil olacaq və artıq siyasi həqiqətlərin qarşısını ala bilməyəcək. Çünki Azərbaycan siyasəti və diplomatiyası sözün əsl mənasında hücumdadır və Qarabağ məsələsinin həlli prioritetdir. Azərbaycanın başqa istiqamətlərdəki uğurlu siyasətini də buraya əlavə etsək, İrəvanın belə bir vəziyyətdə Bakının təzyiqlərinə tab gətirə bilməyəcəyini dəqiqliklə söyləmək mümkündür.

Paşinyan xalqa çox istinad edir. Ancaq zənnimcə, Nikolun ən zəif nöqtəsi elə erməni xalqıdır. Çünki onlar müstəqil Qarabağ ideyasının faktiki olaraq Ermənistanın məhvinə apardığını artıq yaxşı anlayırlar. Bu tendensiyalar davam edərsə, 2019 Qarabağ məsələsinin həlli istiqamətində əsas il olacaq”.






Fikirlər