Osmantəpədə qızıl axtarışı bərpa olundu - İcra başçısı DAYANMIR

Osmantəpədə qızıl axtarışı bərpa olundu -

Goranboyun Tapqaraqoyunlu kəndində yerləşən, Azərbaycan - Türkiyə qardaşlığının müştərtək abidəsi sayılan Osmantəpə kurqanı ilə bağlı yeni məlumatlar yayılıb. Bu barədə Qaynarinfo.Az-a rayon sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin "Osmantəpə əməliyyatı"ndan sonra Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həmin ərazidə arxeoloji qazıntı işlərinə başlanılıb, yüksək güc tutumuna malik bir cüt ekskvatorla qazıntı işləri aparır.
Amma qazıntının birbaşa Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə aparılması barədə informasiyalar inandırıcı görünmür. Məlumat verən mənbə bildirir ki, dünyanın heç bir yerində arxeoloji qazıntılar ekskvatorla aparılmayıb. Bu praktika ilk dəfə deyəsən Goranboyda tətbiq olunmağa başlayıb. Arxeoloji qazıntı işləri xüsusi alətlər vasitəsi ilə həyata keçirilməlidir. Ekskvatorla aparılan qazıntı işləri arxeoloji tapıntılara ziyan vura bilər.
Bu səbəbdən rayon sakinləri Osmantəpədə görülən işlərdən nə dövlətin, nə də Mədəniyyət və Turizim Nazirliyinin xəbərdar olmadığına inanır. Osmantəpədə aparılan qazıntı işləri həqiqətən də nazirliyin nəzarəti altındadısa, bu bir dövlət qurumu tərəfindən həmin dövlətin mədəni və maddi sərvətlərin məhv edilməsi deməkdir.
İllərdir Azərbaycanın tarixi abidələri, maddi və mədəni sərvətləri işğal olunmuş torpaqlarda erməni vandalları tərəfindən məhv edilir. Dövlətin bütün beynəlxalq təşkilatlara müraciətlər etməsinə baxmayaraq, düşən Azərbaycan tarixinə, mədəniyyətinə qarşı vandalizm hərəkətlərini davam etdirir. Bunun qarşısını ala bilmədiyimiz halda, öz dövlətimizin qurumları da eyni yolu seçirsə, demək ki, ortada ciddi problemlər və bunun qarşısı alınmalıdır.
Rayon sakinləri Mədəniyyət və Turizm Nazirliyinin Osmantəpədəki qazıntı işlərindən xəbərdar olmadığını düşünür və ekskvatorların kurqanlarda qızıl axtarışında olan icra başçısı Nizaməddin Quliyevin istəyi ilə ərazidə qazıntı apardığını iddia edir. Mədəniyyət və Turizm Nazirliyinin adı ona görə hallandırılır ki, icra başçısının adı çəkilməsin və o rahat şəkildə məqsədini həyata keçirə bilsin.
Xatırladaq ki, ötən ilin yayında Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayonunda böyük əməliyyat keçirməsi barədə xəbərlər yayılmışdı. Əməliyyatın keçrilməsinə səbəb bir neçə məmurun dövlətin təbii sərvətini ələ keçirməyə cəhdi olmuşdu. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, Azərbaycan - Türkiyə qardaşlığının müştərtək abidəsi sayılan Osmantəpədə deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər ifşa olunub.
Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə ekskavatorlarla qazılır. Məlumata görə, əməliyyat vaxtı ərazidə olan İcra Hakimiyyətinin iki əməkdaşı və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır. 
Baş verən hadisədə iş adamı Qulam Ələkbərovun və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin də adı hallanırdı. Sonradan yayılan məlumatlarda bildirilirdi ki, saxlanılan şəxslər bir neçə gün sonra azadlığa buraxılıb. 
Bu ilin yanvarında Nizaməddin Quliyev yenidən qızıl axtarışına çıxmışdı. Bununla bağlı Qaynarinfo.Az-a məlumat verən rayon sakinləri bildirirdi ki, ötən ilin yayında - DTX əməliyyat keçirəndən sonra ərazidə qazıntı işləri dayandırılmışdı. Lakin bu ilin yanvarından Osmantəpədə qızıl axtarışı bərpa olunub. Ötən dəfəkindən fərqli olaraq, səs-küy yaranmasın deyə qazıntı işləri əllə aparılıb. 
"Eşitdiyimizə görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev necə olursa-olsun kurqanlarda olduğu güman edilən qızılları ələ keçirmək istəyir. Çünki həmin axtarışların ilkin mərhələsində rayon İcra Hakimiyyətindən iki nəfər həbs olunmuş, lakin hansısa qüvvələrin hesabına həmin şəxslər üç gündən sonra azadlığa buraxılmışdılar. Onlar heç nəyə məhəl qoymayaraq, bu ilin yanvarında yenidən Osmantəpəyə qarşı qəddarlığa başlayıb, hay-küy yaranmasın deyə burada əllə qazıntı işləri aparmağa çalışıblar. Sonda səs-küy qopduğunu görüb, yenidən həmin ərazilərin üstünü doldurub-malalamağa səy göstərib" deyə redaksiyamıza daxil olan məlumatda bildirilirdi.
Məsələ ilə bağlı müraciət etdiyimiz, Goranboy rayon İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin nümayəndəsi Gündüz Hacıyev Qaynarinfo.Az-a bildirmişdi ki, aparılan qazıntı işləri bağlı onda heç bir məlumatı yoxdur: "Mənim heç bir məlumatım yoxdur. Təbii ki, rayon ərazisində qazıntı işi olanda İcra Hakimiyyətinin məlumatı olur. Amma şəxsən mənim bununla bağlı məlumatım yoxdur. Əvvəllər mədəniyyət şöbəsi olaraq rayonun Tapqaraqoyunlu kəndində yerləşən, Azərbaycan-Türkiyə qardaşlığının müştərtək abidəsi hesab olunan bu abidəyə biz baxırdıq. İndi bizim balansımızda deyil".
İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi, mühəndis Valerik Alışov isə bildirmişdi ki, qazıntı işləri olub, lakin hazırda dayandırılıb: "Qazıntı işləri artıq dayandırılıb. Bununla bağlı Gündüz Hacıyevlə danışın. Onun məlumatı olar. Düzdür, həmin əraziyə əvvəllər mədəniyyət şöbəsi baxırdı. Hazırda onlar həmin əraziyə baxmırlar. Qazıntı yanvar ayında başlandı və sonradan dayandırıldı. Qazıntının nə ilə əlaqədar olduğunu bilmirəm. Bizdə göstəriş yoxdur oranın qazılması ilə bağlı. Həmin ərazi toxunulmazdır. Yəqin ki, hüquq-mühafizə orqanları qazıntı ilə bağlı müdaxilə edib ki, işlər dayandırılıb".
Ötən ilin yayında Osmantəpədə qazıntı işləri aparılarkən Mədəniyyət və Turizm Nazirliyi olaya müdaxilə etmiş və bundan sonra Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirərək qanunsuzluğun qarşısını almışdı. Bütün tarixi abidələr kimi, Osmantəpə də Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyindədir. 
Həmin vaxt müraciət etdiyimiz nazirliyin mətbuat katibi İntiqam Hümbətov məsələnin araşdırılacağını bildirmişdi: "Biz ötən il həmin ərazidə qazıntı aparılarkən müdaxilə etmiş və işlərin dayandırılmasına nail olmuşduq. İndi bu barədə məlumatımız yoxdu. Həmin ərazidə araşdırma apardıqdan sonra məlumat verə bilərik".






Fikirlər