“Qaçqınkom”da şirkət rəhbərləriylə iclas - Cocuq Mərcanlıda qəsəbə SALINACAQ

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb.

"Dövlətqaçqınkom”un mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, Baş nazirin müavini bildirib ki, keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaranıb.

Müşavirədə bildirilib ki, Prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanılacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək. Ərazidə bundan əlavə yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq.

Diqqətə çatdırılıb ki, Prezidentin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.

Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.






Fikirlər