01.09.2014- Əlil və qocalar narazıdır

01.09.2014- Əlil və qocalar narazıdırTibb müəssisələrində istehlakçı hüquqlarının müdafiəsi komissiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan əlil və qocalar evində monitorinq keçirmək üçün nazir Səlim Müslümova müraciət edib.

Bu barədə "virtualaz.org" saytına komissiyanın sədri Əhməd Rəhmanov məlumat verib.

Komissiya sədri dedi ki, rəhbərlik etdiyi quruma nazirliyin tabeliyində olan Buzovnadakı 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar üçün internat evindən şikayətlər daxil olub: “Mən həmin müəssisədə olmuşam. Yəni şəraiti görmüşəm, orada qalanların yaxınları ilə danışmışam. Dörd mərtəbəli binada 200-dən çox əlil və qoca yaşayır. Hər mərtəbədə 50 nəfər qala bilər. Lakin əlavə adam qəbul edildiyindən iki nəfərlik otaqda 4 nəfər yerləşdirilib. Otaqlarda masa qoyulmayıb. Şikayətçilər dedilər ki, yeməkləri elə çarpayının üstündəcə yeyirlər. Müəssisənin yeməkxanası olsa da xəstələr ora buraxılmırlar. Səbəb isə yeməkxananı guya təmiz saxlamaq istəyi, onu çirklənmədən qorumaqdır”.

Ə.Rəhmanovun sözlərinə görə, müəssisədə bir neçə nəfərə yaxşı baxılır ki, onları da “nümunə” kimi gələn komissiyanın qarşısına çıxarırlar: “Əvvəllər bu müəssisədə qalanlar həyətə gəzintiyə çıxarılırdılar. İndi isə nə qocaları, nə də xəstələri həyətə buraxmırlar. Yəni xəstə və qocaları cəmiyyətdən tamamilə təcrid ediblər. Halbuki dünyanın heç yerində hətta ağır cinayət törədən insanları belə havasız mühitdə saxlamırlar, onlara açıq havada gəzinti üçün icazə verilir”.

Ə.Rəhmanov xəstə yaxınlarının ona müəssisədə müalicə ilə bağlı şikayətləndiyini də qeyd etdi: “Ağrısı olan xəstəyə yalnız bint və “zelyonka” verilib. Ağrıkəsicilər və digər dərmanlar verilmir. Müəssisənin həyətində mağaza və ya aptek yoxdur. Buna görə də müəssisədə qalanlar ehtiyac duyduqları bir şey və ya dərman aldırmaq üçün yaxınlarının gəlməsini gözləyirlər”.

Komissiya sədri qoca və əlillərə təqaüdün verilməsi ilə bağlı narazılıqların olduğunu da dedi: “Orada qalanlar təqaüdlərini vaxtlı-vaxtında almadıqlarını söylədilər. Əvvəllər Bilgəhdə qalanların təqaüdünü direktor alıb onlara verirdi. Səlim Müslümov nazir təyin ediləndən sonra bunun qarşısı alındı. İndi Buzovnadakı bu müəssisədə də təqaüdlərin direktor və ya hansısa işçi tərəfindən alınaraq qocalara verildiyini dəqiq söyləyə bilmərəm. Bu narazılığın araşdırılmasına ehtiyac var”.

01.09.2014- Əlil və qocalar narazıdır

Ə.Rəhmanov həmin müəssisədə monitorinq keçirilməsini istəyir: “Nazirliyin iştirakı ilə müəssisədə qalanlarla söhbətlər edilməlidir. Bir-iki nəfərə şərait yaratmaq və hər gələn qonaqlara da məhz onları təqdim etməklə araşdırma aparmaq və vəziyyəti real qiymətləndirmək olmaz”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə müəssisəyə ünvanlanan bu ittihamlara cavab verib.

E.Babayev virtualaz.org saytının suallarını cavablandırarkən dedi ki, 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar üçün internat evi 217 nəfər üçün nəzərdə tutulub. Hazırda isə müəssisənin 216 sakinindən 9 nəfəri müvəqqəti olaraq qohumları tərəfindən evə aparılıb, 8 nəfər isə stasionar müalicəyə göndərilib. Ona görə də iki nəfərlik palatalarda 4 nəfərin yerləşdirilməsi barədə deyilənlər yalandır: “Müəssisədəki otaqlar neçə nəfər üçün nəzərdə tutulubsa, həmin sayda da vətəndaş ora yerləşdirilib. İnternat evinin bütün otaqlarına 24 saat isti və soyuq su gəlir”.

Otaqlarda masaların olmamasına gəldikdə isə şöbə müdiri dedi ki, hər mərtəbədə yeməkxana olduğu üçün otaqlara masalar qoyulmayıb. Yataq xəstələri isə personal tərəfindən yataqda yedizdirilir.

Xəstə və qocaların gəzintiyə çıxarılmaması iddiasına da cavab verən E.Babayev bunu kəskin istilərlə əlaqələndirdi: “Sağlamlıq imkanları icazə verən hər bir şəxsə günün istədiyi vaxtında həyətdə gəzməyə icazə verilir. Son günlər kəskin istilərlə əlaqədar olaraq həkim məsləhətinə əsasən günorta saatlarında sakinlər həyətə buraxılmayıblar.
Sakinlərin pensiyaların alınması məsələsinə gəldikdə isə bu gün ölkədə pensiyaların gecikməsi halı mövcud deyil. Burada məskunlaşan şəxslər ölkə üzrə pensiyalar ödənildiyi zaman hamı kimi öz pensiyalarını əldə edirlər”.

Qeyd edək ki, jurnalistlər sözügedən müəssisəyə buraxılmırlar. Ora giriş-çıxış ciddi nəzarət altındadır.


Ülviyyə






Fikirlər