Tağı Əhmədovun 300 min manatlıq jetonu - YENİ TƏFƏRRÜAT
Həbsdəki general Tağı Əhmədov “budağı”nı silkələdi - yerin altındakı müdhiş korrupsiya üzə çıxdı “Əl çəkin, imkan verin işimi görüm. Çovdarov yalan danışır. Nə danışır mənə aidiyyəti yoxdur. Məni narahat eləməyin” - YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdəki sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmədə barəsində səsləndirdiyi sensasion açıqlamaya münasibət bildirərkən belə deyib. Tağı Əhmədovun nə deməsindən asılı olmayaraq həbsdəki generalın sadaladıqlarının bütünlüklə yalan olması inandırıcı deyil. Çünki A.Çovdarovun söylədiklərini vaxtilə mətbuat yazıb. Tamamilə mümkündür ki, A.Çovdarova Tağı Əhmədovun yeraltı dünyasını araşdırmaq göstərişi də elə mətbuatda yazılanlardan sonra verilib. Belə ki, illər öncə, Tağı Əhmədov metropoliteninin “baş maşinisti” olduğu illərdə onun Rusiyadan əsaslı təmirdən çıxmış qatarları yeni adı ilə alıb Bakıya gətirdiyi haqda xəbərlər vardı. Həmin vaxt belə xəbərlərin yayılması da əbəs deyildi. Çünki T.Əhmədov həmin qatarları Bakıya gətirməzdən xeyli əvvəl yeni qatarlar alıb gətirəcəyini dəfələrlə anons etmişdi. Köhnəlmiş vaqonlardan bezən Bakı sakinləri səbirsizliklə yeni vaqonların gətiriləcəyini gözləyirdilər. Son nəticədə vəd olunan yeni qatarların əvəzinə Bakıya “ikinci əl” qatarlar gətirilmiş və mətbuatda bu mövzu xeyli müzakirələrə səbəb olmuşdu. Elə həmin ərəfələrdə T.Əhmədov metropolitenin dotasiya hesabına fəaliyyətini davam etdirdiyini də hər imkan düşəndə mətbuata açıqlayırdı. Bunu sanki nəyisə gizlətmək istəyirmiş kimi edirdi. T.Əhmədov bunu o vaxt edirdi ki, ətrafı metropolitenin giriş-çıxışlarındakı bir qarış yeri icarəyə az qala qızıl qiymətinə verirdilər. Tağı Əhmədov jurnalistlərin metropolitenlə bağlı xoş olmayan, maraqlarına cavab verməyən suallarına “hərəniz bir tərəfdə cızıldayırsınız” şəklində cavablar verirdi. “Baş maşınist” özü də bilmədən xalqın yeraltı sərvətindən doyunca daddığını, yaxşıca bəhrələndiyini nümayiş etdirirdi. Görünür, fəaliyyətinin araşdırılması qərarının verilməsində onun özünü təvazökarlıqdan çox uzaq salmasının rolu da az olmayıb. Beləcə “araşdırın” əmri verilib. A.Çovdarova metropolitenin fəaliyyətinin araşdırılması əmrinin verilməsi təsadüfi olub? Ekspert, sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev deyir ki, Akif Çovdarovun uzun illər tutduğu vəzifə ona nəqliyyat sahəsində baş verənləri qeydiyyata almaq, sənədləşdirmək, toplanan məlumatları müvafiq orqanlara yollamaq səlahiyyətləri verib: “Metropoliten, nəqliyyat strukturları təhlükəsizlik baxımından ən həssas nöqtələrdir. Bu sahənin əməliyyat fəaliyyətini nəzarətdə saxlayan, əməliyyat işini təşkil edən, əks kəşfiyyat işini aparan MTN-in 6-cı baş idarəsi idi. Həmin idarənin rəisi də Akif Çovdarov idi. Həmin idarəyə tapşırıq verilib-verilməməsindən asılı olmayaraq, orada bütün hərəkətlilik, addımlar nəzarətdə saxlanılır, müvafiq sənədləşmə aparılır. Ümumiyyətlə, bu sahədə bütün istiqamətlər üzrə nəzarət olub. Tutaq ki, metropolitenin içində hər hansı bir qrup fəaliyyət göstərirsə, həmin qrupun nəzarətdə saxlanması, hərəkətlərinin istiqamətləri və digər bütün addımlarına cavabdeh qurum məhz 6-cı baş idarə olub. Təbii ki, maliyyə istiqaməti də bura daxil olub. Bəlkə metrodan yığılan pullar hansısa qanunsuz fəaliyyətdə olan dəstəyə yönlədiriləcəkdi? Baş idarə rəisinin Çovdarov və ya Məmmədquliyev olmasından asılı olmayaraq, daimi nəqliyyat strukturları xüsusi xidmət orqanları tərəfindən xidmət olunur. Müvafiq arayışlar tərtib olunarkən zəif bəndlər haqda xüsusi qeydlər aparılır. Yəni nəqliyyat sahəsində, ümumiyyətlə, gedən proseslər həmin arayışlarda əksini tapır. Arayışlar 6-cı idarənin masası üstünə qoyulur və oradan lazım bilinən ünvanlara göndərilir”. A.Nağıyev bildirib ki, nəqliyyat sahəsində baş verənlər bütün proseslərdən - daşımadan tutmuş maliyyə axınlarının istiqamətlərinə qədər A.Çovdarov məlumatlı olub. A.Çovdarovun T.Əhmədovun mertopolitendəki fəaliyyətini əhatə edən araşdırmaya əsaslanan çıxışı çox maraqlı, əslində birbaşa cinayət əməlləri olan faktlarla zəngindir. Sitat: “Metrostansiyalarının çıxışlarında 1200 obyekt vardı. Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropoliteninin balansında olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq icarə haqqı 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb detallı araşdırma aparıb Metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Detallı araşdırma zamanı bəlli oldu ki, metro stansiyalarında turniketlər elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçmir və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib. Bundan başqa, biz özümüzün agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyib, 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Bir vaqonunun təmirinə 120-140 min manat ”silirdilər", indiki rəhbərlik bunu 40 minə edir. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi". A.Çovdarov bunları uydura bilərdimi? Əsla yox! Onun yalan və doğru danışmasını yoxlamaq isə elə də çətin deyil. Çünki həbsdəki general Tağı Əhmədovun əmlaklarını da sadalayıb. Onun metropolitendə mənimsənilən, büdcədən yayındırılan pullarla alınan mal-mülklərinin də müəyyən edildiyini açıqlayıb. Sitat: “İndi yadımda qalanları açıqlayım: ”Sahil" metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon Məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi. Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib". A.Çovdarov deyib ki, Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlanıb. Sitat: “Təkcə ”Texnikabank"da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb offşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi". A.Çovdarovun açıqladığı çox incə məqamlardan biri də metrostansiyalarda quraşdırılan turniketlərlərin T.Əhmədovun maraqlarına uyğunlaşdırılması ilə bağlıdır. A.Çovdarovun dediklərindən bəlli olub ki, turniketlərdə quraşdırılan mikrosxemlərə elə bir dəyişiklik edilib ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və hər qeydə alınmayan jetonun pulu Tağı Əhmədovun cibinə gedirmiş. Bu məqam metropoliten rəisinin ciblərini doldurmaq üçün çox hiyləgər üsullardan istifadə etdiyini ortaya qoyur. A.Çovdarovun söylədikləri kifayət qədər ciddi faktlardır və araşdırılması üçün də bir o qədər əsas var. Sabiq idarə rəisinin dediklərini yoxlamağın bir yolu da onun çalışdığı idarənin arxivində saxlanan metropolitenin T.Əhmədov dönəminə aid sənədləri vərəqləməkdən keçir. Həmin sənədləşmədə oğurluqların miqyası üzə çıxa bilər (musavat.com)