BROYLER ŞİRKƏTLƏRİ fərdi təsərrüfatlara qarşı “MÜHARİBƏ” başladıblar - Kütləvi ÖLÜM

Azərbaycanın bir çox bölgələrində, o cümlədən Bakıətrafı qəsəbələrdə ev quşları təsərrüfatına ciddi ziyan dəyib. Bölgələrdə Sabirabad, Saatlı, İmişli, Goranboy, Qazax, Ağstafa, Bakının Suraxanı rayonunda fərdi yaşayış təsərrüfatlarında vətəndaşların saxladığı toyuq-cücə arasında kütləvi ölüm halları qeydə alınıb. 
Təsərrüfat sahiblərinin Modern.az-a verdiyi məlumata görə, ev quşları arasında ölüm halları onlara peyvənd vurulduqdan sonra baş verib. Belə ki, yaz-payız aylarında ev quşları arasında aktiv olan bəzi xəstəliklərə qarşı mübarizə kimi peyvəndlərdən istifadə edilir.
Respublikamızın müxtəlif regionlarından olan fərdi təsərrüfatçılar deyrlər ki, maraqlısı peyvənd vurulmayan toyuqlar arasında tələfatın olmamasıdır. Onların sözlərinə görə, bu, ölkədə fəaliyyət göstərən broyler şirkətlərinin baytar apteklərilə “birgə fəaliyyəti”nin nəticəsidir. Belə ki, vətəndaşlar son vaxtlar daha çox “kənd toyuğu” adlandırdığımız fərdi təsərrüfatlarda yetişdirilən ev quşlarına üstünlük verməsi broyler şirkətlərini ciddi narahat etməkdədir. Qeyri-rəsmi məlumatlara görə, baytarlıq apteklərilə əlaqə quran broyler şirkətləri bu cür “vasitələrə” əl atmaqla fərdi təsərrüfatlardakı toyuq-cücənin qırılmasına nail olurlar. Bu zaman baytlıq apteklərində satılan keyfiyyətsiz iynə-dərman  “işə yarayır”.

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a məsələnin araşdırılacağı bildirilib.






Fikirlər