Nazirlikdən 7 minlik CƏRİMƏ, 22 minlik İDDİA
Yanvarın ilk 10 günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmanın nəticələri açıqlanıb. Nazirlikdən AzerTaym.az-a verilən məlumata görə,araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 88 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli “məcburi göstəriş” verilib. Ümumilikdə, 19 iş üzrə 7300 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 22303,96 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 310 iş üzrə 27952,18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 6 iş göndərilib.