BU GÜN Su çərşənbəsidir

Su çərşənbəsi bahara doğru dağlarda buzların əriyib çaylara tökülməsini ifadə edir

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Bu gün də Novruzun ilk çərşənbəsi - Su çərşənbsidir. Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” də deyirlər. Tanrı ilk olaraq suyu yaradıb. Məhz buna görə də su ilk çərşənbə kimi qeyd edilir.

Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür. Su çərşənbəsi həm də bahara doğru dağlarda və dərələrdəki, çay kənarlarındakı buzların əriyib çaylara tökülməsini ifadə edir. Torpaq yavaş-yavaş islanmağa başlayır. Su çərşənbəsi günü qızlar bulaq başına gedər evlərinə sərin, şirin su gətirər, evin ətrafına çiləyərlər, üzlərini yuyarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər. Bəzi bölgələrdə, xüsusilə də  Şərur rayonunun Dizə kəndində gənclər “sulaşma” mərasimini də icra edirlər. Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub, su kənarına yeni gələnlərin üzərinə ataraq “bayramınız mubarək” deyirlər. İslananlar bundan qətiyyən inciməz, suyun onları paklaşdırdığını bildiyindən, cavabında “aydınlığa cıxasınız” deyərlər. Sonra hər kəs “ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyərək suyun üstündən atlayar.

Bəzən də niyyət edib suyun içərisindən daş götürürlər. Bu niyyət adətən götürüləcək daşın tək və ya cüt olması ilə müxtəlif cür yozulur. Sonra sudan bir ovuc daş və bir qab su götürərək evə qayıdırlar. Gətirilən daş ya azuqə qablarına qoyulur və ya evin künclərinə atılır. Bir sonrakı bayrama qədər orada qalır. Suyu isə həyət bacaya, evin astanasına və künclərinə çiləyib “İl boyu aydınlıq olsun” deyirlər. Əgər evdəkilərdən kimsə su kənarına getməyibsə həmin sudan onun üzünə çiləyərək yuxudan oyadırlar. Novruzun simvolu sayılan səməni artıq bu gündən cücərdilməyə başlanar ki, bu da təbiətin və bitkilərin oyanmasına işarədir. Artıq ilk çərşənbə ilə bayrama hazırlıqlar da başlanır. Su çərşənbəsi ilə bağlı müxtəlif su falları da mövcuddur. Su falına baxmaq üçün  gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan, bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir. Suyun “lal su” adlanmasının səbəbi bu suyu gətirməyə gedən şəxsin su gətirəcəyi qabı əlinə alandan sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamasıır. Əgər danışarsa, həmin su fal üçün yaramaz. Qızlar üzük, iynə və bəzək əşyaları ilə su falına baxarlar. Məsələn üzük falını icra etmək üçün bir fincan nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin gedəcək deyirlər. İynə ilə su falına baxmaq üçünsə iki iynə, bir az pambıq və bir kasa lazım olur. “Lal su” kasaya tökülür. Sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın adına, digərini o qızın istəklisi olan oğlan deyə niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən üsulluca kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Falın qaydalarına görə iynələr müxtəlif tərəflərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki,  niyyət yerinə yetəcək, adları çəkilən oğlanla qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb. Bəzək əşyaları ilə su falını icra etmək üçün müxtəlif bəzək əşyaları (məsələn: üzük, sırğa, sancaq, qolbaq) və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük, sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlayağı və ya bir parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək bir-bir bəzək əşyalarından birini sudan çıxarır.






Fikirlər