HACI Qaliblə RƏSUL Quliyevin BAĞ davası yenidən başladı

Eks-spikerin qardaşı Telman Quliyev: “2010-cu ildə bağımızı məhkəmə qətnaməsi ilə icra məmurları alıb özümüzə verdi, amma üstündən 8 il keçəndən sonra mülkümüzü yenə zəbt edib”

Keçmiş spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev və onun qohumları ilə sabiq deputat Hacı Qalib Salahzadənin bağ davası yenidən başlayıb.

Bununla bağlı Rəsul Quliyevin qardaşı Telman Quliyev və Quliyevlərin nümayəndəsi Nazim Quliyev redaksiyamıza müraciət ediblər.

Telman Quliyev deyir ki, Bilgəh qəsəbəsində yerləşən, Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağ sahəsinin Quliyevlərə 1995-ci ildən məxsus olduğunu təsdiqləyən sənədləri olsa da, 2008-ci ildə Hacı Qalib oranı zəbt edib: “Uzun müddət oradan çıxmadı və nəhayət, 2010-cu ilin yayında məhkəmə qətnaməsi ilə icra məmurları bağı alıb bizə təhvil verdilər. Təhvil-təslim aktı da 27 nəfər adamın şahidliyi ilə bağlandı, təsdiqləndi və bağla bərabər özümüzə verildi. Ötən il bağda mühafizəçi olmayan vaxtda Hacı Qalib oranı yenidən zəbt edib və heç bir qanun-qayda tanımayaraq, mülkümüzün qapısını arxadan qaynaqladıb. Söhbətə getmişdim ki, belə olmaz, mülkümüzü tərk et, bizi öldürməklə hədələyir. Mən cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, bizim mülkümüzü yenidən zəbt edən Hacı Qalibin bağdan çıxarılması üçün müvafiq strukturlara tapşırıq versin”.

Nümayəndə Nazim Quliyev isə bildirdi ki, bağ ötən dəfə  - 2008-ci ildə zəbt olunarkən Hacı Qalib oranı tərk etməzdən öncə mülkün ağaclarını dibindən çıxarıb, bir neçə tikilini uçurub, qapı-pəncərələri daşıyıb aparıbmış: “Ona görə də biz dəyən ziyanın ödənməsi üçün məhkəməyə müraciət etdik. Maddi və mənəvi ziyana görə 700 min manat təzminat tələbi qoymuşduq. Hacı Qalib o zaman deputat idi, bizə acizanə şəkildə dedi ki, o iddianı geri götürün,  mənə problem yaradır, o pulu ödəyəcəm. Həqiqətən o məbləğdən hissə-hissə ödəməyə başladı, təxminən 10 faiz ödədikdən sonra biz iddiamızı geri götürdük. Bundan sonra pulu ödəməyi dayandırdı. Bu azmış kimi, yenidən bağı zəbt edib, qapısını arxadan qaynaqlatdırıb, heç kimi ora buraxmır. Özünü Bilgəhin ağası kimi aparır”.

N.Quliyev bildirdi ki, 2010-cu ildə bağ sahəsi boşaldılıb onlara verildikdən sonra daha əvvəllər müəyyən torpaq hissəsi icarə müqaviləsi əsasında olduğundan mülkün tam özəlləşdirilməsinə qərar veriblər: “01.04.2011-ci il tarixdə mülkə tam sahələr üzrə çıxarışlar (kupça) da aldıq ki, gələcəkdə hansısa bir mübahisə də yaranmasın. Lakin Hacı Qalib üçün qanunun, sənədin əhəmiyyəti yoxdur, hər halda, özü belə deyir. Biz ölkə rəhbərliyindən xahiş edirik ki, Hacı Qalibin mülkü qəsb etməsinin qarşısının alınmasında bizə yardım olunsun”.

Hacı Qaliblə əlaqə saxlayıb onun mövqeyini öyrənməyə çalışdıq. Lakin sabiq deputatın bizə bəlli olan nömrəsi aktiv deyildi.

Məsələ ilə bağlı Hacı Qalibin də mövqeyini dərc etməyə hazırıq.






Fikirlər