“İRŞAD ELECTRONİCS” sahibinin müəmmalı ÖLÜMÜ yenidən GÜNDƏMDƏ...
Onun ölümü ilə telefon satışı bazarında rüsumların artırılması, qeydiyyat qiymətlərinin bahalaşması arasında əlaqə axtaranlar da var “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə bağlı müəmma davam edir. Yayılan məlumata görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini yaşadığı evdə vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi iddia olunan dərman qutuları aşkarlanıb. Bakı Şəhər Prokurorluğu intihar faktını təsdiqləyib. Bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib. “İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir” - deyə məlumatda qeyd olunub. İ.Hacıyevin ölümündən sonra ən müxtəlif məlumatlar yayılıb, onun ölümü ilə telefon satışı bazarında rüsumların artırılması, qeydiyyat qiymətlərinin bahalaşması arasında əlaqə axtaranlar da var. Telefon bazarının inhisara alınması prosesi ilə İrad Hacıyevin ölümünü əlaqələndirənlər də az deyil. Belə iddialar var ki, telefon satışı bazarındakı qiymətlərin artırılması təklifi ilə İrad Hacıyev çıxış edib. Bu məlumatların nə dərəcədə doğru olması və qiymətlərin artırılması ilə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikirlərini öyrəndik. Mərkəz direktoru deyir ki, hökumətə həmin təkliflərin İrad Hacıyev və ya digər bir şəxs tərəfindən verilməsi ilə bağlı məlumatsızdır. Onun sözlərinə görə, ümumilikdə bu sahə ilə bağlı verilən qərar doğru deyil: “Hesab edirəm ki, Nazirlər Kabineti vətəndaşlar tərəfindən şəxsi məqsədlər üçün gətirilən telefonlara bu cür gömrük rüsumlarının müəyyən etməsi düzgün deyil. Vətəndaş telefonu xaricdən öz qiymətinə alıb gətirməli və heç bir problemsiz, fantastik əlavə ödəmələr olmadan istifadə etməlidir. Nazırlər Kabinetinin qərarı hüquqi müstəvidə mübahisələndirilsə, hökumətin yanaşmasının düzgün olmadığı təsdiqlənəcək. Biz bunun ləğv edilməsi ilə bağlı cənab prezidentə müraciət etmişik”.
Azərbaycanda iri şirkətlərdən alınan telefonların 2-3 ay sonra bloklanması halları da yaşanır. “Vətəndaş nə etməldir” sualına Osman Gündüzün cavabı belə oldu: “Telefon şirkətdən alınıbsa, qeydiyyat məsələsi də artıq şirkətin problemidir. Azərbaycana hüquqi şəxslər tərəfindən gətirilən telefonlar qeydiyyata alınmalı və sonra satışa çıxarılmalıdır. Vətəndaş telefonu alanda yoxlamalıdır, dəqiqləşdirməlidir ki, telefon qeydiyyatdan keçirilib, yoxsa keçirilməyib. Mağazanın borcudur ki, telefonu qeydiyyatdan keçirib vətəndaşa satmalıdır. Əks təqdirdə vətəndaşa deyilməlidir ki, telefon qeydiyyata salınmayıb. Bu, mütləq şəkildə vətəndaşa bildirilməlidir. Əgər telefonu vətəndaş xaricdə alıb ölkəyə gətiribsə, özü 1 ay ərzində qeydiyyata salmalıdır. Əks təqdirdə, telefon operatorlar tərəfindən bloklanır. Telefon Azərbaycan ərazisində işləməyəcək”. Mərkəz direktorunun sözlərinə görə, telefon ölkəyə elektron ticarət yolu ilə gətirilibsə, hansı poçt şirkəti ilə çatdırılırsa, həmin poçt şirkəti vətəndaşı dəvət edib gömrüklə bağlı prosedurları həyata keçirir. Müəyyən araşdırma aparılır, aydınlaşdıırlır ki, vətəndaş ölkəyə neçə telefon gətirib. Bu gün “Azərpoçt”da gömrüyün işçiləri fəaliyyət göstərirlər. Onlar orada böyük araşdırma aparırlar. Hələlik mexanizm tam şəkildə işlək deyil. Normal prosedurlar, vətəndaşların məlumatlandırılması yoxdur. Deyək ki, vətəndaş mal sifariş edir, o malın gəlib-gəlməməsi ilə bağlı məlumatı gərək ki, ora gedib dəqiqləşdirsin. Deyək ki, 1 ay ərzində vətəndaş 1000 dollar cıvarında elektron ticarət etsə, gömrük rəsmiləşdirilməsinə ehtiyac qalmır. Amma bəzən belə olur ki, gömrük əməkdaşı araşdırma aparır və hesab edir ki, telefon 950 dollar yox, 1015 dollardır. Bu ehtimalla vətəndaşın gətirdiyi telefona gömrük rüsumu tətbiq olunur. Ehtimali qiymətləndirmə vətəndaşın əlavə olaraq 200 manata yaxın rüsum ödəməsi ilə nəticələnir. Bu isə çox vaxt narazılıq yaradır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi bu məsələlərə diqqət etməlidirlər". Osman Gündüz telefonların vətəndaşlar üçün baha, şirkətlər üçün ucuz qiymətə qeydiyyatdan keçirilməsi ilə bağlı fikirlərə də aydınlıq gətirdi: “Bu bahalanma ilə bağlı qərar layihəsini hazırlayan məmurlar Azərbaycanda telefon satışından faydalanan qrupun lobbiçiliyini həyata keçiriblər. Hökumət ayrı yanaşmalar tətbiq edə bilərdi. Vətəndaşa misal üçün ildə 2 dəfə olmaqla ölkəyə rüsumsuz-filansız telefon gətirilməsinə icazə verə bilərdi. Hesab edirəm ki, qərar düzgün deyil. Elə siyasət yürüdülür ki, vətəndaş ölkə daxilində aldığı telefonun qiyməti ilə xaricdən alıb gətirdiyi eyni markalı, modelli telefonun qiyməti eynidir. Belə yanaşma bazarda qiymətləri artırır. Kiçik ticarətçilər əvvəllər gətirdikləri telefonları bazara çıxarıb ucuz satırdılar. 100 manata alınan telefonu böyük şirkət 150 manata satanda, kiçik şirkət 120-130 manata satırdı. İndi isə verilən qərar kiçik şirkətlərin bazardan sıxışdırlmasına, rəqabətin azalmasına, ümumiyyətlə aradan qalxmasına səbəb olacaq. Rəqabətsiz mühit kimlər üçünsə qiymətləri istədikləri kimi təyin etməyə imkan verəcək. Bazarda daha böyük oyunçular qalacaq, nisbətən kiçikləri sıradan çıxacaqlar”.
Qeyd edək ki, intihar etdiyi iddia olunan İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər “İ&R Telecom” kimi fəaliyyətdə olan şirkət həmin ildən “İrşad Telecom” (İrşad İ.R. MMC) adı altında fəaliyyətini davam etdirməkdədir. Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha bir nəfər rəhbər şəxs peyda olub. İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin 31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub. Şirkətin bundan sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da var. (musavat.com)