Partiya sədrinin “Rus dilinin tədrisi konstitusiyamıza ziddir” İDDİASINA REAKSİYA...

Tahir Kərimli: “Bu qanunda birbaşa yazılır ki, Azərbaycanda tədris dövlət dilində aparılır

Azərbaycanda rus dili müzakirələri səngimək bilmir. Valideynlərin övladlarını orta təhsil üçün rus sektorlarına qoymağa üstünlük vermələri, vətəndaşlar, hətta dövlət müəssisələrində çalışanlar arasında ana dilimizlə yanaşı rus dilindən də istifadə hallarının olması ciddi şəkildə qınanır.

Bütün bunlarla yanaşı, rus dilinin insanlar qarşısında geniş imkanlar açdığı yöndə də fikirlər səslənir. Xüsusilə postsovet məkanı üçün bu dili bilməyin vacib olduğu vurğulanır.

Son olaraq, gecən müzakirələrdə ADP sədri Sərdar Cəlaloğlunun fikirləri diqqət çəkib. Partiya sədri rus dilindən istifadənin Azərbaycan Konstitusiyasına zidd olduğunu bildirib. Sitat: “Rusiya xarici dövlətdir və dünyanın heç bir ölkəsində xarici dövlətdən müəllimlər dəvət edib, həmin müəllimlərin dərs deməsi nümunəsi yoxdur. Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olunub. Ona görə Azərbaycanda heç bir dövlət müəssisəsi, o cümlədən məktəblər rus dilində dərs keçə bilməzlər. Bu, konstitusiyaya ziddir. Rus dili öyrənmək başqa şeydir, rus dilində təhsil başqa şeydir. Rus dilində təhsil Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd bir hərəkətdir”.

Tahir Kərimli ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Ali Məhkəmənin keçmiş sədri, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin fikirlərini öyrəndik. Hüquqşünas “Yeni Müsavat”a bunları dedi: “Azərbaycanda rus dilinə qarşı deyil, rus müstəmləkə təfəkkürünə qarşı mübarizə aparmaq lazımdır. Milli Məclisdə bununla bağlı iki dəfə məsələ qaldırmışam. Azərbaycanda dövlət dilində danışmaq bir şərtdir. Bütün müəssisələrdə bu dildən istifadə mütləqdir. Amma bəzi istisna halların olduğunu da unutmayaq. Məsələn, məhkəmədə insan öz dilində danışa bilər, lakin o, mütləq tərcümə olunmalıdır. Tədris məsələsinə gəlincə, Azərbaycanın təhsil qanunu var. Bu qanunda birbaşa yazılır ki, Azərbaycanda tədris dövlət dilində aparılır. Amma o da yazılır ki, zəruri hallarda başqa dillərdə aparıla bilər. Yəni təhsilin, tədrisin Azərbaycanda aparılmasının dövlət dili ilə birbaşa əlaqəsi yoxdur. Ölkəmizdə müxtəlif dillərdə məktəblər də ola bilər. Bütün dünya ölkələrində müxtəlif dilli məktəblər var. O cümlədən Azərbaycanda da rus, ingilis və müxtəlif dillərdə mövcud olan məktəblər var. Onu da unutmayaq vaxtilə Azərbaycan bu dil vasitəsilə müsəlman dünyasında 350-dən çox ilkə imza atıb. Bu baxımdan rus dili ilə mübarizə yel dəyirmanı ilə mübarizə kimi bir şeydir. Yaşlı insanlarımızın hamısı rus dilində təhsil alıblar, 90% kitablarımız bu dildə olub. İndi bizim, yaxud bu kitabların üstündən xətt çəkilməlidir?”

Deputat onu da bildirdi ki,  rus qafasına qarşı mübarizə vacibdir: “Sizin  qəzetinizə açıqlamalarımın birində bildirmişdim ki, Qandi ingilisdilli idi. O, ingilislərlə birlikdə Hindistanın istiqlalına qələbə qazandırdı. Bu o demək deyil ki, Qandinin hind təfəkkürü yox idi. Ola bilər ki, bizdə rusdillilər olsun, amma onlar tamamilə milli təfəkkürün daşıyıcılarıdır. Öz dövlətlərini çox sevirlər. Azərbaycanda başqa dilləri bilən insanların yetişməsi vacibdir. Bundan qorxmaq lazım deyil. Amma haradakı milli ideyanın əleyhinə, azərbaycançılıq məfkurəsinə qarşı mübarizə varsa, o zaman vacib addımlar mütləq atılmalıdır. Başqa dilə meyl etmək, süni şəkildə başqa dili təbliğ etmək və öz dilini zəiflətmək kimi tendensiyalar varsa, bunun qarşısı mütləq alınmalıdır. Çünki bu dövlət dili haqqında qanuna ziddir. Amma təhsil haqqında qanun başqa dildə tədrisə imkan verir. O cümlədən, rus dilində tədris qanuna zidd deyil. Bu dillə mübarizə aparmaq mənasız bir şeydir. Dünyada 250 milyona yaxın insan rus dilində sərbəst danışa bilir. Bu insanlara qarşı mübarizə aparmaq nə verə bilər? Təkcə rus dilinin deyil, başqa istənilən dilin öyrənilməsi Azərbaycan məfkurəsinə, ideyalarına qarşıdırsa, ona imkan vermək olmaz. Qalan hallarda başqa dillərin tədrisinə normal baxıram. Bir faktı deyim. Milli-azadlıq hərəkatından sonra şəxsən mən uzun müddət rus dilindən kənarda qaldım, yəni bu dildə danışmırdım. Övladlarımız hətta məktəblərə gedəndə rus dilini öyrənmirdilər ki, bu dil imperiya dilidir. Bütün bunlar nəyə görə olur? Ona görə olur ki, millətin içində daim qorxu olur, müstəqilliyimizi yenidən itirərik deyə. İnsanları qınamıram. Çünki Rusiya qorxusu bizdə daim var. Rus dilinin təbliğini insanların imperiyanın təbliği kimi qəbul etmələri də normaldır. Amma artıq bu məsələlər ötüb keçib. İnsanların başqa dillərə üstünlük verən şəxslərə sərgilədikləri sərt mövqeləri də anlamalıyıq. Demək, insanlarımız vətənləri üçün narahatdırlar, onun  milli-mənəvi dəyərlərini diqqətdə saxlayırlar”.

 






Fikirlər