İcra başçısı həbs olunan rayonda daha bir qanunsuzluq – Rəsmi AÇIQLAMA - FOTOLAR
Ağstafa rayonun Aşağı Kəsəmən kəndinin sakinləri, kəndin mərkəzi parkında qanunsuz obyekt tikilməsinə etiraz edirlər.
Yeniavaz.com-a müraciət edən bir qrup kənd sakini iddia edir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin baş memarı, memarlıq və tikinti şöbəsinin müdürü Sənan Mustafayev Aşağı Kəsəmən kəndinin icra nümayəndəsi və bələdiyyə sədri ilə əlbir olaraq həmin ərazidə qanunsuz tikintiyə şərait yaradıblar. Redaksiyamıza göndərilən fotolarda kənd sakinlərinin istirahət məkanının zəbt olunaraq tikinti işlərinin aparılması açıq-aşkar müşahidə olunur. Sakinlər bildirirlər ki, qanunsuz tikili müharibə veteranlarının abidəsinin önündə ucaldılır və buna görə parkdakı bəzi ağaclar kəsilib və kökləri zədələnib. Kənd əhalisinin sözlərinə görə, tikinti kəndin bələdiyyə sədri və icra nümayəndəsinin oturduğu idarənin qarşısında baş verir.
Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin baş memarı, memarlıq və tikinti şöbəsinin müdürü Sənan Mustafayevlə əlaqə saxladıq və ona qarşı səsləndirilən iddiaları bildirdik. S. Mustafayev məsələdən xəbərsiz olduğunu dedi və həqiqətən də həmin ərazidə qanunsuz tikinti işlərinin aparılması faktını təsdiqlədi:
“Mən Aşağı Kəsəmən kəndinin icra nümayəndəsi ilə əlaqə saxladım. O da həmin əraziyə baxış keçirdi və məlumat verdi ki, həqiqətən də orada tikintiyə icazə verilmədən tikintiyə başlayıblar. Dərhal tikintinin dayandırılması üçün göstəriş verildi. Bu barədə akt tərtib olunacaq və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə təqdim olunacaq. Orada tikinti aparan vətəndaşın özündən isə sənədlərini təqdim etməsi tələb olunacaq. Hazırda həmin ərazidə tikinti dayandırılıb”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramazan Tatarov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən korrupsiya əməllərinə görə saxlanılıb və həbs ediliblər.