SUMQAYITDA DƏHŞƏT YAŞANDI! – 4 hərbçi həlak oldu, 1-i ağır yaralandı / ADLARI, YENİLƏNİB 2

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Sumqayıt şəhəri yaxınlığında “Bolt” markalı avtomobilin böyük sürətlə hərbçilərin olduğu “Saipa”ya çırpılması nəticəsində 4 nəfər hərbçi ölüb, biri ağır yaralıdır.

Hurriyyet.org-un əldə etdiyi məlumata görə, rəhmətə gedən maxe Pənahlı Ceyhun və gizir Qafarov Togrul subay, gizir Qafarlı Ceyhun və gizir Yusufov Şərbət isə ailəli olub.  Vəziyyəti ağır olan isə maxe Musazadə Azərdir.

Qəza zamanı həlak olan hərbçilərin ad və soyadlarını dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin əlaqə nömrəsinə zəng etsək də, təəssüf ki, telefona cavab verən olmadı. Nazirliyin qaynar xəttindən isə bildirdilər ki, “bayramla əlaqədar müvafiq şöbədə adam yoxdur. Biz isə cavab verə bilmərik. Sabah zəng edin”.

10: 29***

Sumqayıtda baş verən ağır qəzaya FHN əməkdaşları da cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

09:45 ***

Bu gün səhər saatlarında Sumqayıt şəhəri yaxınlığında dəhşətli avtomobil qəzası baş verib. Hadisə şahidlərinin Hurriyyet.org-a verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər hərbçi ölüb, biri ağır yaralıdır.

Bildirilir ki, dəhşətli qəzaya taksi kimi fəaliyyət göstərən “Bolt” markalı avtomobilin böyük sürətlə hərbçilərin olduğu “Saipa”ya çırpılması səbəb olub. Qəza Müşfiq qəsəbəsindən Sumqayıta gedən yolda, qəbiristanlığın yanında baş verib. Taksi sürücüsünün də hadisə yerində can verdiyi bildirilir.

Qeyd edək ki, ölən hərbçilərdən ikisinin ailəli, digər ikisininin isə subay olduğu deyilir. Onların adlarını dəqiqləşdirməyə çalışırıq.

Əlavə məlumat verəcəyik.






Fikirlər