Davos İqtisadi Forumu Azərbaycanın etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli müzakirə platformalarından biridir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı çıxışı zamanı olduqca vacib mövzulara toxundu, önəmli açıqlamalar verib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu bəyan edib.
Azərbaycan qonşuları ilə gözəl münasibətlərə malikdir
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir: “Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb”.
Qafqazın üç ölkəsi səylərini birləşdirsə, region daha təhlükəsiz olar
Ölkə başçısı Ermənistan tərəfinin Azərbaycanın sülh təklifinə cavab verməməsinə də diqqət çəkib: “Bu, çox sadə, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan saziş olacaqdı. Komissar Hanın eyhamı o oldu ki, burada Ermənistan yoxdur. O dedi ki, burada Cənubi Qafqazın iki ölkəsi iştirak edir, ancaq orada üç dövlət var. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ancaq Ermənistan burada niyə yoxdur? Çünki bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz üçtərəfli əməkdaşlıq formatı Ermənistan tərəfindən rədd edildi”.
Dövlətimizin başçısı deyib: “Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”.
Azərbaycan Prezidenti qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Üçtərəfli əlaqələrin bəhrəsini görürük
Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir.
“Zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük. Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var. Əlbəttə ki, biz enerji layihələrindən başladıq – istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb”.
Yaşıl enerji ilə bağlı 200 qiqavat həcmində potensial mövcuddur
Yaşıl enerji ilə bağlı potensial böyükdür. Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur.
Prezident İlham Əliyev bildirib: “Ötən ilin dekabrında biz Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzaladıq. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir. O, hazır olan kimi biz maliyyələşmə üzərində düşünəcəyik və əlbəttə ki, burada Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq”.
Azərbaycan 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artıracaq
2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac isə 24 milyard kubmetr olacaq.
Azərbaycan ilə Avropa İttifaqı arasında yayda imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci ilədək biz təchizatını iki dəfə artıracağıq. Yəni, Avropa İttifaqına ixrac ən azı 20 milyard kubmetr olacaq. Bunun üçün isə Avropada daha çox interkonnektor olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan İnterkonnektoru ötən ilin sonunda istifadəyə verildi. Bu, bizə Bolqarıstana, ilin əvvəlindən isə Rumıniyaya qaz nəql etmək imkanı yaratdı.
Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir
Nisbətən sonra yaratdığımız və hazırda Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən və Avropaya qədər uzanan dəmir yolu bağlantısı uğurla icra etdiyimiz neft və qaz kəmərləri layihələrindən qaynaqlandı. Hesab edirəm ki, dəhlizin bu tərəfində işlər tamamlanıb, o cümlədən nəqliyyat infrastrukturu yerindədir.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Bununla yanaşı, Türkmənistan, Qazaxıstan və Azərbaycanın limanlarını, yaxşı dəmir yolu bağlantısına malik Mərkəzi Asiya ölkələrini qeyd etmək lazımdır. Beləliklə, iştirakçı dövlətlərdən – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropalı tərəfdaşlardan ibarət icraiyyə komitəsi və ya idarə heyəti yaradılmalıdır.
Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq
Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq.
Dövlətimizin başçısı qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir. Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq, sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır – qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam.
Beləliklə, Prezident İlham Əliyev bir daha beynəlxalq platforma vasitəsilə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bəyan etdi, bölgədə sülhün və sabitliyin vacibliyini vurğuladı.
Tayfun Hacılı,
Sumqayıt Dövlət Universiteti
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri