“İki il yedi, içdi, gəzdi, dolandı, kef elədi...” – Maraqlı açıqlama

“İki il yedi, içdi, gəzdi, dolandı, kef elədi...” – Maraqlı açıqlama

Milli Məclisin deputatı Erkin Qədirli son açıqlaması ilə gündəm oldu.  Bloger Mehman Hüseynovun “Hər deputata bir sual” layihəsində qonaq olan parlamentari etdiyi etirafla sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi.

 

O, bloger Mehman Hüseynovun “Mənə Milli Məclisdə oturan bir deputatın adını deyə bilərsinizmi ki, o, xalqın səsi ilə parlamentdə oturub?” sualına  “Vallah, bunu heç özün haqda da deyə bilmərəm. Demokratik seçki olsaydı, bunu əminliklə deyə bilərdim, amma bizim ölkəmizdə demokratik seçki yoxdur” – deyə cavab verib.

Deputatın bu açıqlamasından sonra bəziləri onun saxta yolla millət vəkili seçildiyini bildirərək, mandatından imtina etməsini tələb etdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan rejissor, “SOY” prodakşnın rəhbəri Oqtay Əliyev deputatın bu açıqlamasının düzgün olmadığını deyib. Onun sözlərinə görə, əgər Erkin Qədirli həqiqətən də demokratik yolla deputat seçilməyibsə, onda ötən iki il ərzində özü bunu etiraf etməliydi:

“Bu məsələnin mənə maraqlı olan bir tərəfi var, Erkin Qədirli bunu bu günmü bildi? İki il yedi, içdi, gəzdi, dolandı, kef elədi, ölkənin bu günündə - dörd bir tərəfdən çaqqal hücuma keçəndə bunu demək yadına düşdü? Bu gün biri parlament assambleyasında bir qərar çıxardır, Fransa oradan, farslar burdan, Rusiya başqa yerdən bir oyun çıxardır, belə bir anda Erkin Qədirlinin demokratiya qeyrəti durdu? Əzizim, sən əgər bunu bilirdinsə, əlində faktlar vardısa, sənə mandatı təqdim edəndə deyəydin ki, ey millət, mən buna layiq deyiləm, çünki seçilməmişəm. İndimi yadına düşdü?!”

Rejissor bunun çox həssas məsələ olduğunu vurğulayıb:

“Bu çox həssas məsələdir. Bu, Azərbaycanın nüfuzu ilə oynamaq deməkdir. Bu Azərbaycanın anti-demokratik ölkə olduğu deməkdir. Əgər bu açıqlama adi vaxtda edilsəydi, yola verə bilərdik, amma görün, bu gün Azərbaycana qarşı nə qədər hücumlar var. Bu dəqiqə vəziyyət o qədər gərgindir ki... Sən belə bir anda bu cür açıqlama verdin, guya nolacaq ki? Noldu iki ildən sonra nə baş verdi ki, belə bir açıqlama verdi?  İçimizdə o qədər naxələf insanlar var ki, ölkənin bu vəziyyətində əl-ələ verməkdən, kömək etməkdənsə, hərə bir balta götürüb düşüb ortalığa. Yaxşı, düşün balta ilə ortaya, ölkəni də Əfqanıstana döndərin, dincəlin!”






Fikirlər