“Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı böyük perspektivlərə malikdir”

“Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı böyük perspektivlərə malikdir”

“Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub.

 Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Bu gün  hər iki xalq  bir çox səhələr üzrə çox uğurla əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına  təkan verir. Səfər  çərçivəsində Gürcüstan və Azərbaycan rəhbərləri mətbuata birgə bəyanatları zamanı maraqlı məqamlara toxunaraq önəmli mesajlar verdilər”.

 Bu fikirləri AzerTaym.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 Deputat qeyd edib ki, bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Günümüzün əsas müzakirə mövzularından biri də bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasıdır. Tarixi Zəfərimizin  yaratdığı  reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına yol açır. Dövlət başçımızın qeyd etdiyi kimi,  Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib:

 “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.  Həmçinin Prezident İlham Əliyev gələcəkdə Ermənistanla görüşlər üçün Gürcüstanı təklif edib. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib: «Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

 Tamam Cəfərova deyib ki, Azərbaycanın əsas istəyi Cənubi Qafqazda sülhün bərqərar olması və bu istiqamətdə Gürcüstanın bizi dəstəkləməsidir:

 “Cənubi Qafqaz ailəsinin formalaşdırılması və sülhün təmin edilməsi məqsədilə Cənubi Qafqaz liderlərinin Tiflis görüşünün şahidi ola biləcəyik. Ermənistan əlaqələrin normallaşmasına səmimi yanaşsa, Tiflisdə görüşlər keçiriləcək və razılaşmalar əldə olunacaq. Bir sözlə, Azərbaycan və Gürcüstan münasibətləri nümunədir. Biz ümid edək ki, Ermənistan da Azərbaycan-Gürcüstan münasibətlərindən doğru-dürüst nəticə çıxararaq, sülhün əldə olunmasına öz töhfəsini verəcək.

  Azərbaycan və Gürcüstanla yaxından əməkdaşlıq etməklə beynəlxalq layihələrdə iştirak edəcək. Ermənistan da öz iqtisadiyyatının inkişafında Azərbaycan və Gürcüstanın potensialından istifadə edə biləcək. Gürcüstana növbəti səfər gələcək uğurlarımız üçün addımdır. Biz inanırıq ki, Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edəcək. Nəticədə bu münasibətlər xalqlarımızın rifahının artırılmasına və iqtisadi potensialımızın gücləndirilməsinə yaxşı xidmət etmiş olacaq".






Fikirlər