Qərbi Azərbaycan Xronikası: Qafqaz Albaniyasının mənşəyi və tarixi haqqında gerçəklər...

Qərbi Azərbaycan Xronikası: Qafqaz Albaniyasının mənşəyi və tarixi haqqında gerçəklər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənilərin Albaniya yalanı ifşa olundu" adlı veriliş efirə gedib.

AzerTaym.az bildirir ki, verilişdə tarixçi alim Ramin Əlizadə Qərbi Azərbaycan ərazisində mövcud olan Alban dövləti haqqında danışıb.

O bildirib ki, alban adı ilk dəfə eramızdan əvvəl 743-cü ildə çəkilib və qədim türk dilində ərən mənası bildirən "alp" sözündəndir. Albanların Kür çayının sağ sahilində eradan əvvəl yaşadıqları sübut olunub. Qərbi Azərbaycan ərazisində eramızdan əvvəl Alban dövləti artıq mövcud idi.

Onun sözlərinə görə, Qərbi Azərbaycanı Urartu işğalından azad edən Etuhi tayfalarıdır:

"Albaniya və Atropatena dövlətləri qədim İskit dövlətçiliyi əsasında yaranıb. Albanların ilk hökmdarı Sak soyundan olan Aran olub".

Qeyd olunub ki, M.Kalankatlının "Alban Tarixi" kitabını ermənilər saxtalaşdırıb, özləri haqqında məlumat daxil ediblər. Albanlar xristianlığı ermənilərdən 270 il əvvəl qəbul ediblər. Erməni hökmdarı 350-ci ildə kilsənin baş keşişini zopa ilə döydürüb öldürtdürüb.

Sonda vurğulanıb ki, Alban hökmdarlarının əsli Sak soyundan olan aranlardandır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.






Fikirlər