TALIBOV GENERALI AÇILIŞA BURAXMADI – MUSTAFAYEVİN XİDMƏTİ maşını da əlindən alındı
Son günlər mətbuatda adı tez-tez hallanan, hətta həbs xəbəri yayılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev hərbi hissənin açılışına buraxılmayıb. AzNews.az xəbər verir ki, yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Açılışı Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov edib. Kərəm Mustafayev isə mərasimə buraxılmayıb.Məlum olub ki, Mustafayev hələ vəzifəsində saxlanılsa da, əslində bütün səlahiyyətləri dondurulub. Hətta ona bu yaxınlarda verilən bahalı BMW markalı avtomobili də əlindən alınaraq, Müdafiə Nazirliyinə təhvil verilib. Qeyd edək ki, dekabrın 19-da səhər saatlarından etibarən MR-də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev və ətrafı ilə bağlı müxtəlif xəbərlər yayılır. Bu barədə ilkin məlumatları da məhz “AzPolitika.info” yayıb. Belə ki, “AzPolitika.info”ya Naxçıvandakı hərbiyə yaxın mənbələrdən daxil olan məlumatlara görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda ciddi yoxlamalar aparılıb və qanun pozuntuları aşkarlanıb. Saytımıza verilən məlumatda Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisi polkovnik Elşad Rzayevin bir neçə gün əvvəl bu pozuntularla bağlı həbs olunduğu bildirilir. Onun Kərəm Mustafayevin ən inanılmış adamlarından biri olduğu da verilən məlumatlar sırasındadır. Bundan əlavə Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov isə təcili qərarla vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub. Həmçinin dekabrın sonlarında Kərəm Mustafayevin qardaşı, uzun illərdir MR-də hərbi üçün aparılan təmir-tikinti, quraşdırma işlərinə rəhbərlik edən Nemət Mustafayevin saxlanılması xəbəri yayılıb. Nemət Mustafayevin böyük həcmli maliyyə mənimsəmələrinə görə saxlanıldığı bildirilsə də, bu barədə heç bir rəsmi açıqlama və ya təkzib verilməyib. Lakin Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisinin həbsi bu məlumatların heç də əsassız olmadığının sübutu sayıla bilər. Məlumatlı bir başqa mənbə isə “AzPolitika”nın sorğusuna cavab olaraq Nemət Mustafayevin “şəxsi məsələyə görə” saxlanıldığını, lakin bir neçə gündən sonra sərbəst buraxıldığını desə də, təfərrüat barədə danışmaqdan imtina edib. Onu da qeyd edək ki, Vasif Talıbovun Kərəm Mustafayevi hərbi hissənin açılışına buraxmaması bir daha ona etimadın azaldığını ehtimal etməyə əsas verir. Xatırladaq ki, dekabrın 30-da MR Ali Məclisinin sədri Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi hissəyə baş çəksə də, K.Mustafayev onu müşayiət etməyib. Hər halda rəsmi agentliyin yaydığı fotolarda Əlahiddə Ordunun komandanı görünməyib.