Vergi borcu olan 500-dən çox vergi ödəyicisinin avtomobilinə həbs qoyulub

Vergi borcu olan 500-dən çox vergi ödəyicisinin avtomobilinə həbs qoyulubVergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə 2014-cü ilin 10 ayı ərzində vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 67.404 sayda qərar açılıb.
Gün.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, birinci dərəcəli müfəttişi Tural Quliyev “Vergilər” qəzetində qeyd edib.

O bildirib ki, bu qərarlardan 72,6%-i vergi borcu ləğv edildiyi üçün bağlanılıb:

“Siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 478,7 min manat borc məbləğini əhatə edən 693 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə, əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 52,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib”.

T.Quliyev həmçinin qeyd edib ki, cari il ərzində vergi ödəyicilərinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11.589 vergi ödəyicisinin 12 milyon manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib:

“Hesabat dövründə 501 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub”.






Fikirlər