“Chrysler” 19 mindən çox avtomobili GERİ CAGIRIR

ABŞ-ın avtomobil istehsalçısı “Chrysler” Çin bazarından 19 min 572 avtomobili təhlükəsizlik yastıqlarındakı nasazlıq səbəbi ilə əlaqədar geri çağırmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Bildirilib ki, geri çağırılan avtomobillər Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub. Müəyyən olunub ki, təhlükəsizlik yastıqları düzgün açılmaya və hətta açılarkən avtomobilin ön sırasında əyləşən sərnişini ölümcül yaralaya bilər.

Geri çağırılan avtomobillər 2004-2012-cü illərdə Çinə idxal edilmiş “Jeep Wrangler” və “Chrysler 300C” modelləridir. Qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

Qeyd edək ki, “Chrysler” şirkəti 1925-ci ildə “Maxwell Motor”un yenidən təşkil edilməsi əsasında ABŞ-da yaranıb. “Chrysler” “SRT”, “RAM”, “Dodge” və “Jeep” brendi altında avtomobil istehsal edən şirkətin səhmlərinə 2014-cü ildən İtaliyanın “Fiat” korporasiyası nəzarət edir.






Fikirlər