Heyvan borcunu belə ödədi - AGDAŞDA

“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın vədləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!” “Quran”, “Yunus” surəsi, 62-64.

Allah dostlarından biri də  Şeyx Hacı Bulud babadır. Bu örnək şəxsiyyətin  qəbrini ziyarət və həyatını tədqiq etmək üçün Ağdaşa yola düşürəm.
Mənəviyyat həkimi olan Şeyx Hacı Bulud baba XIX əsrdə Dağıstan mahalının Axtı rayonunda doğulmuşdur. Ona Bulud adının verilməsiylə əlaqədar belə rəvayət edirlər ki, anası hamilə olarkən qızmar yay günlərinin birində camaatla bərabər zəmidə taxıl biçirmiş. İstidən nəfəsi qaralan qadın göylərə üz tutub deyir: 
"Ya Rəbbim, vəziyyətim özünə əyandır, istidən nəfəsim kəsilir, buludunu göndər Günəşin qabağını kəssin, oğlum olsa adını Bulud qoyaram". 
Anası əməlisaleh qadın olduğundan duası tez qəbul olunarmış. Deyilənə görə həmin anda da göyün üzünü bulud alır. Ətrafa bir sərinlik, bir rahatlıq yayılır. Aradan bir neçə ay keçəndən sonra həmin qadının oğlu olur. Qadın əhdinə əməl edərək uşağın adını Bulud qoyur.
Haşiyə: «İmranın zövcəsinin (Hənnənin): «Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. Bu nəziri məndən qəbul et! Əlbəttə, sən eşidənsən, bilənsən!» – dediyini xatırla!» Qurani-Kərim, «Ali-İmran» surəsi-35.
Bulud baba Şeyx Şamilin rəhbərliyi ilə gedən Çeçen-Rus muharibəsində təqib olunduğundan gənc yaşlarında Axtı rayonundan Azərbaycanın Ağdaş rayonunun Ərəb kəndinə köçür.
Bulud baba Ərəb kəndində yaşadığı müddətdə gənc olmasına baxmayaraq Allah-təalanın verdiyi fövqəladə qabiliyyətə və kəramətə malik olduğu üçün yerli əhali tərəfindən sevilmiş və hörmət göstərilmişdir. 
Bir müddətdən sonra Ərəb kəndindən Ağdaşın Xosrov kəndinə gələn Bulud baba burada dövrünün ilahiyyat alimi kimi tanınan Hacı Məhəmməd Tağı Əfəndiylə tanış olur və onun təkidli xahişi ilə elə Xosrov kəndində də məskən salır.
Hacı Bulud bir müddət Hacı Məhəmməd Tağı əfəndidən dərs alır və özünü onun şagirdi hesab edir. Hacı Buludda övliyalıq kəramətlərinin olduğunu hamıdan qabaq hiss edən Məhəmməd Tağı əfəndi ona sonsuz qayğı və ehtiram göstərir və başqalarına da bunu məsləhət görür.
Eyni zamanda Hacı Bulud da öz ustadını yüksək dəyərləndirmiş, hətta vəsiyyət etmişdir ki, məni ustadımın yanında dəfn edin. Ziyarətimə gələnlər birinci onu ziyarət etsin, sonra məni.
Hacı Bulud baba ömrü boyu evlənməmişdir. Doğulduğu tarix dəqiq məlum olmasa da, dəfn tarixi qəbrin üstündəki daşda hicri 1311 (miladi 1890) göstərilmişdir. Qəbri Ağdaş rayonunun Xosrov kənd qəbristanlığındadır.
Övliyanın qəbri üzərində günbəz tikilmişdir. Günbəzdə Hacı Buludun şəxsi əşyaları da saxlanılır. Bu əşyalar içərisində diqqətimi çəkən balaca ölçüdə daş kitabə oldu. Üstü naxışlarla bəzədilmiş kitabədə ərəb qrafikası ilə “Ərəb Əmirindən Şeyx Hacı Buluda” sözləri yazılmışdır. Buradan aydın olur ki, Bulud baba Həcc mərasimində olarkən Məkkənin Əmiri ilə də görüşmüş, o da öz növbəsində bu Allah dostuna özəl olaraq əbədi saxlanması mümkün olan bu daş kitabəni yadigar vermişdir.
At da bizimlə birlikdə zikr etdi
Hacı Bulud babanın doğulduğu yeri ziyarət etmək və onun haqqında məlumatlarımı zənginləşdirmək üçün Dağıstan mahalının Axtı rayonuna da səfər etdim. Burda bir çox adamlarla göruşdüm ki, onlardan biri də Axtı rayonunun Cümə məscidinin imamı Həbibullayev Hacı Mirzə Zeynəddin oğlu idi. O mənə Bulud babanın kəramətləri barədə bunları danışdı:
– Təxminən 15-20 il bundan qabaq idi. Beş-altı ağsaqqal yığışıb Bulud babanın ocağını (doğulduğu evi) ziyarət etdik. Gedənlər hamısı ibadət əhli idi. Günorta namazını qıldıq. Quran oxuduq. Sonra yoldaşlardan biri dua elədi ki, «Ya Rəbbim, bu ocaqda bizə bir kəramət göstər». Dairəvi oturub zikr edirdik. «La İlahə İllallah» dedikcə başımızı sağa-sola əyirdik. Atlarımız kənarda otlayırdı. Birdən atların biri dəstədən ayrılıb, yanımıza gəldi və dizi üstə çökərək, bizimlə bir sırada dayandı. O da bizim kimi başını sağa-sola əyərək sonadək bizimlə zikr etdi.
Bulud babanın duası ilə yağış yağdı
Belə rəvayət edirlər ki, uzun müddət imiş Ağdaş bölgəsində yağış yağmırmış. Quraqlıq olduğundan əkin sahələri tələf olurmuş. Ağsaqqallar belə qərara gəliblər ki, uzun müddət ibadətlə məşğul olan, Quranı dərindən bilən, ağzı dualı adamlar müsəlləyə çıxsınlar bəlkə Allahın yazığı gəlib yağış yağdıra.
Beləliklə, Ağdaşın Cümə məscidinin imamı başda olmaqla bir çox dindarlar gəlib otururlar Türyançayda, başlayırlar dua edib, Allaha yalvarmağa. Çox dua edirlər bir nəticə hasil olmur.
Xosrovdan gedən Tağı əfəndi deyir ki, bizim kənddə Bulud adlı bir nəfər var, kəramətli adamdır, duası tez qəbul olunur. Gedib onu çağıraq, bizimlə birgə dua etsin. Ağdaşın baş mollası deyir ki, mən neçə illər ilahiyyat elmini öyrənmişəm, böyük ustadlardan dərs almışam, Qurani-Kərimi tərcümə edirəm. Bulud kimdir ki, mənim duam qəbul edilməyən yerdə onun duası qəbul edilə?
Çox mübahisələrdən sonra razılaşırlar ki, Bulud babanı çağırsınlar. Ağdaşın baş mollası yenə etiraz edir, lap axırda and içir ki, əgər Buludun duasıyla yağış yağsa, mən saqqalımı qırxacam.
Nə isə. Bulud baba gəlir bunların yanına və başlayır Allaha dua etməyə. Deyilənə görə ağzından sözu qurtarmamış göyün üzünü qara bulud alır. Elə bir sel gedir ki, çaylaqdan bir təhər çıxıb canlarını qurtarırlar.
Heyvan borcunu belə ödədi
Hacı Bulud babanın sağlığında Xosrov kəndində bir nəfərin oğlu xəstələnir. Əhd edir ki, oğlum sağalsın, həyətdəki boğaz inəyim doğanda balasını Allah yolunda Hacı Bulud babaya nəzir verərəm. Vaxt keçir, uşaq sağalır, inəyin balası da erkək olur.Amma, ata əhdinə əməl etmir. Üç il keçir, heyvan böyüyür. Həmin adam nəzir dediyi öküzü bazara satmağa aparır. Öküz yolda qaçıb Bulud babanın həyətinə gəlir. Baba onu görən kimi tanıyır ki, bu, qurbanlıqdır. Deyir axır ki, gəldin! Heyvanın ardınca da sahibi gəlib çıxır. Bulud baba deyir: «Ey insan, heyvan heyvanlığıyla öz borcunu yerinə yetirir, amma sən borcunu vermək istəmirsən. Mənim heç nədən ehtiyacım yoxdur, götür heyvanını da çıx get».
Bu əhvalatdan görünür ki, bəzi imansız insanlardansa heyvan daha həssas və sadiqdir; Allah qarşısında borcunu ödəməyə daha çox meyillidir.
Paşa Yaqub - tədqiqatçı-yazıçı






Fikirlər