Azərbaycanda bir çox ərzaqlar xaricdən gətirilənlərdən bahadır - SƏBƏB

Azərbaycanda bir çox ərzaqlar xaricdən gətirilənlərdən bahadır - səbəb

 Ekspertlərə görə, aparıcı faktor inhisarçılıqdır  

 

Devalvasiyadan sonra idxalın  azalacağı, ölkədə daxili bazarın canlanacağı, ixracın artacağı haqqında proqnozlar verilsə də, ötən müddət ərzində biz bunun əksinin şahidi olduq. Azərbaycan ixrac məhsulları xarici bazarlarda hər hansı mövqe qazanmadığı kimi, yenə də daxili bazarda xarici məhsullar üstünlük təşkil etməyə başladı. 
Hətta iqtisadi proqnozların əksinə olaraq, yerli məhsullar devalvasiyadan sonra da xaricdən idxal olunan məhsullardan daha baha satılmağa başladı. Bunu xüsusən marketlərdə, sənaye istehsalı olan ərzaq məhsullarının satış qiymətlərində hiss etmək mümkündür. “Marja”nın marketlərdə apardığı müşahidələr belə deməyə əsas verir.
Məsələn, çaylara nəzər salsaq, Şiri-Lankada qablaşdırılan 100 qramlıq “Pratumi Tea” çayı 1,45-1,55 manata satıldığı halda, Azərbaycanda qablaşdırılan “Final Pekoe” 1.60 manata, “Beta” 1,65 manata satılır. Həmçinin, Azərbaycan istehsalı, çəkisi 2 kiloqram olan “Doymak” unu 2,30 manata, “Bismak” 2,35 manata, “Oman” 2,12 manata satıldığı halda, Rusiyadan idxal olunan 2 kiloqramlıq “Tsar” markalı un 2,10 manata, “Qudvill” unu 2.05 manata alıcılara təklif olunur. Ümumiyyətlə, Rusiyanın “Qudvill” aqro-holdinqi bir çox malları ilə Azərbaycan bazarında təmsil olunur. Duru yağ satışında da vəziyyət eynidir. Rusiya istehsalı olan yağların qiymətləri Azərbaycanda qablaşdırılan duru yağların qiymətlərinə yaxınlaşıb. Meyvə şirələri və qazlı içkilərin satışı ilə bağlı da vəziyyət eynidir. 
Ekspertlər hesab edir ki, xarici məhsulların ucuzlaşmasının bir səbəbi qonşu ölkələrdə milli valyutaların devalvasiyaya uğramasıdır. İkinci tərəfdən, gömrükdə monopoliyanın aradan qaldırılması məhsulların daha ucuz şəkildə bazarlara çıxarılmasına zəmin yaradıb. İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yerli məhsulların maya dəyərinin baha olmasını şərtləndirən amillər idxal məhsulları ilə müqayisədə daha çoxdur: “Əslində ”yerli məhsul" sözü bu sahələrdə istifadə olunan terminə uyğun gəlmir. Çünki sənaye üsulu ilə istehsal olunan məhsulların xammalının böyük əksəriyyəti xaricdən gətirilir və daşınma xərci də üzərinə gəldikdə istehsal xərcləri, işçilərin əmək haqları, elektrik sərfiyatı və sair xərclərini də hesabladıqda, inhisarçılıq siyasəti də buna əlavə olduqda qiymətlərin kifayət qədər yüksək olması qaçılmaz olur. Yəni Azərbaycanda istehsal olunan şəkər tozunun xammalı son vaxtlara qədər Braziliyadan gətirilirdi, ən yaxşı halda Ukraynadan gətirilirdi. Azərbaycanda istehsal olunan süd məhsullarının hazırlanması üçün istifadə olunan tozlar Hollandiyadan gətirilir, çay məhsulları yerli istehsal adı ilə bazara çıxarılsa da, böyük əksəriyyətinin xammalı Asiya ölkələrindən gətirilir. Bunun üzərinə Azərbaycanın ümummilli problemi olan rəqabətli mühitin olmamasını, inhisarçılığı da gəldikdə qiymətlərin niyə yüksək olmasının səbəbləri aşkara çıxar. Burada inhisarçılıq əsas faktorlardan biridir. Bazarda oyunçu nə qədər çox olsa bir o qədər ucuzluq olar. Üstəgəl, devalvasiya və iqtisadi böhranın meydana gəlməsi qiymət fərqlərini daha da kəskinləşdirdi". 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da vurğuladı ki, bir çox hallarda yerli mallar daha keyfiyyətlidir: “İlk növbədə onu demək istəyirəm ki, yerli mallar ekoloji baxımdan təmizdir, o baxımdan yerli məhsullara üstünlük vermək lazımdır. Lakin biz ərzaq bazarına baxsaq, çox paradoksal bir vəziyyətin şahidi olarıq. Ucuz və yerli maldan daha keyfiyyətsiz xarici mallar bazarlarda çoxdur. Bu da hökumətin düzgün olmayan istehlakçı siyasətindən qaynaqlanır. Hökumət manatın arxasında duracaq istehsalı kifayət qədər stimullaşdıra bilmir. Ona görə də manat dəyərdən düşür və malların qiyməti avtomatik olaraq yüksəlir. Yerli malın isə ümumi istehsalda payı çox aşağıdır. Məhsul az olduğu üçün isə qiymətin bahalaşması meydana çıxır. Bu səbəbdən əhali ucuz olan xarici məhsullara üstünlük verir”.
E.Hüseynovun sözlərinə görə, qiymət artımında monopoliya faktoru da önəmli rol oynayır: “Ölkə başçısı da Nazirlər Kabinetinin yığıncağında monopoliyanın, karter sövdələşmələrinin qarşısının alınması üçün tədbirlər görülməsini hökumətə tapşırmışdı. Lakin hökumət hər hansı ciddi iş apara bilmədi. Ona görə də son 6 ayda artıq gömrükdə də dəyişikliklər oldu, bəzi xidmətlər ”ASAN xidmət"ə verildi. Lakin bu islahatlar vəziyyəti elə də dəyişmədi. Bütün bunların da kökündə o problem dayanır ki, ölkədə mükəmməl istehlakçı siyasəti yoxdur. Bu gün ölkənin əmtəə bazarı sürətlə keyfiyyətsiz və təhlükəli mallarla dolur. Çünki bəzi biznes qurumları toxunulmazlıq əldə edib. Birinci yerdə istehlakçı siyasəti dursa, hər şey dəyişər". 






Fikirlər