Çaylarda çirklənmə ARTIB

Çaylarda çirklənmə artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayında növbəti monitorinq həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının II ongünlüyünə nisbətən  13  m3/san  azalaraq  170  m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda  3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə və  Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7-8.24 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.






Fikirlər