Rusiya üçün 9 addımlıq “Yol xəritəsi” – TARİX AÇIQLANDI

Ankara Rusiya ilə əlaqələri əvvəlki vəziyyətə qaytarmaq üçün 9 addımdan ibarət “Yol xəritəsi” hazırlayıb.

 AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, hədəf 15 dekabr tarixinə qədər “Yol xəritə”sini həyata keçirməkdir.

 Ankara altı aylıq müddətin ilk üç ayında Rusiyadakı bütün fəaliyyət və toplantılarında müvafiq nazirliklərin yüksək səviyyədə iştirakını təmin edəcək. Sentyabrın 1-nə qədər iqtisadi, siyasi, mədəni və ictimai sahələrdəki zərərin hesablanması tamamlanacaq.

 Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə bir neçə gün əvvəl məktub yazaraq onu Rusiya Günü münasibətilə təbrik edib və Moskva-Ankara münasibətlərinin “layiq olduğu səviyyəyə” çıxmasını arzulayıb.

 Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə cavabında Türkiyə ilə münasibətlərin normallaşmasını istədiklərini söyləyib. Amma eyni zamanda bildirib ki, münasibətlərin normallaşması üçün ilk növbədə rəsmi Ankara bir sıra addımlar atmalıdır. O, Vladimir Putinin bu məsələ barədə fikirlərini də xatırladıb.

 Türkiyə mediasının yazdığına görə, Ankaranın atmağı planlaşdırdığı addımlar aşağıdakılardır:

 1. 15 avqust tarixinə qədər normallaşma

 Son hədəf 15 dekabr tarixinə qədər əlaqələrin “təyyarə böhranı”ndan əvvəlki səviyyəyə qaldırılmasıdır. Bunun üçün isə əlaqələrin 15 avqusta qədər normallaşdırılması, ardınca yüksək səviyyəyə çıxarılması nəzərdə tutulur.

 2. Rusiyadakı fəaliyyətdə yüksək səviyyədə iştirakın təmin edilməsi

 Ankara altı aylıq müddətin ilk üç ayında Rusiyadakı bütün fəaliyyət və toplantılarında müvafiq nazirliklərin yüksək səviyyədə iştirakını təmin edəcək. İştirak nazirlər, nazir müavinləri, şöbə müdirləri səviyyəsində olacaq.

 3.Zərərin müəyyənləşdirilməsi

 Əlaqələrin normallaşması üçün 1 sentyabr tarixi nəzərdə tutulub. Həmin tarixə qədər iqtisadi, siyasi, mədəni və ictimai sahədəki zərərin hesablanması təsbiti tamamlanacaq. Bundan sonra zərərin aradan qaldırılması, xüsusilə siyasi və iqtisadi sahədə işlərin yenidən qaydaya salınması üçün işlər görüləcək.

 4. Media ilə ünsiyyət

 İki ölkə xalqlarının münasibətlərinin əvvəlki səviyyəyə qaldırılması üçün media ilə ünsiyyət yaradılacaq.

 5. Xalq diplomatiyası

 Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi üçün xüsusilə mediada xalq diplomatiyası həyata keçiriləcək. Vurulan təyyarənin rus pilotunun səhvi nəticəsində vurulduğu, dialoq və diplomatiya kanallarının açıq saxlanılmasının əlaqələrin normallaşmasına fayda verəcəyi, SSRİ-nin dağılmasından sonra Türkiyənin rus xalqının yanında olduğu xüsusi olaraq vurğulanacaq. Türk kino sahəsinin Rusiyadakı fəaliyyətlərinə dəstək veriləcək.

 6. Rusiya və Yaxın Şərq şöbələri arasında əməkdaşlıq

 Türkiyə Xarici İşlər Nazirliyi hazırda dəyişiklik mərhələsində olduğu üçün Rusiya və Yaxın Şərq şöbələri birlikdə çalışacaq.

 7. Fəaliyyət qrupu

 Əlaqələrin normallaşması və yüksək səviyyəyə çıxarılması üçün prosesə dəstək verəcək təşkilatların yer aldığı fəaliyyət qrupu yaradılacaq.

 8. TOOB, TÜSİAD, MÜSİAD və TURSAB

 Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Türkiyə Sənayeçilər və İş Adamları Təşkilatı (TÜSİAD), Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) və Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB)  kimi təşkilatların prosesə dəstəyi təmin ediləcək..

 9. Vasitəçi ölkə olmayacaq

 Ankara normallaşma prosesində vasitəçi ölkənin olmasını istəmir.






Fikirlər