Tramp FTB-nin direktorunu vəzifəsindən KƏNARLAŞDIRDI

   

  FTB-nin direktoru Ceyms Komi vəzifəsindən kənarlaşdırılıb.

ABŞ prezidenti Donald Tramp mayın 9-da gözlənilməz addım ataraq FTB-nin direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırıb. Cənab Kominin idarəsi Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün bağları araşdırır.

Prezident öz qərarını Kominin ötən il Hillari Klintonun e-mail-ləri ilə bağlı təhqiqatı düzgün aparmaması ilə izah edib və bildirib ki, Komi işdən baş prokuror Ceff Sessions və onun müavini Rod Rosenşteynin tövsiyəsi ilə azad olunub.

Tramp Komiyə yazdığı məktubda deyir: “Mən sizin, məni üç ayrı-ayrı halda təhqiqat altında olmadığım barədə məlumatlandırmanızı yüksək qiymətləndirsəm də, buna baxmayaraq Ədliyyə Nazirliyinin sizin Büroya rəhbərliyə qabil olmadığınız barədə qiymətləndirməsi ilə razılaşmalıyam”.

Prezident yazıb ki, FTB-yə bu mühüm hüquq-mühafizə orqanına ictimai etimadı bərpa edə biləcək rəhbərlik gətirilməlidir. Tramp bu addımı ilə əslində demokratlarla müttəfiq mövqedə görünsə də, demokrat konqresmenlər onun bu qərarını az qala yekdil şəkildə pisləyiblər.

Demokratlar Kominin Klinton e-mail-lərinə dair təhqiqatı elan etməklə demokrat namizədin kampaniyasına zərbə vurmasından narazı olasalar da, onub vəzifəsindən çıxarılmasını “hiddət doğuran” və “niksonsayağı” adlandırıblar. Komi cəmi bir neçə gün əvvəl FTB-nin Rusiyanın Trampın seçki kampaniyasına dəstəyini araşdırmasına dair Senat qarşısında ifadə vermişdi.

Senator Patrik Lihi deyib ki, Trampın bu hərəkəti prezident Riçard Niksonun vaxtında baş prokurorun vəzifəsindən azad olunmasını xatırladır. Uoterqeyt qalmaqalının araşdırılması tarixində prokurorun vəzifəsindən azad edilməsi “şənbə gecəsi qətliamı” kimi yadda qalıb. Lihi deyib ki, elə Nikson da eynilə belə hərəkətə yol vermişdi.

Senatın demokrat azlığının lideri Çarlz Şumer deyib ki, Tramp Komini işdən çıxarmaqla “böyük səhvə” yol verib.

Senatdakı vəzifəli demokratlardan Riçard Durbin deyib ki, Trampın Kominin vəzifədən çıxarılması ilə Rusiyaya dair təhqiqatı hər hansı şəkildə əngəlləmək cəhdi “ağır konstitusional nəticələrə” səbəb ola bilər. Durbin Ağ Evi FTB-nin yeni liderliyinin Rusiyaya dair təhqiqatı aparıb-aparmayacağına dair dərhal bəyanat verməyə çağırıb.

Kominin vəzifəsindən kənarlaşdırılmasından əvvəl də Konqresdəki demokratlar Tramp kampaniyasının Rusiya ilə əlaqələrinin araşdırılmasının xüsusi prokurora həvalə edilməsinə çağırırdılar. Demokratlar deyirdilər ki, təhqiqatın Ağ Evin təyin etdiyi şəxsə verilməsi araşdırmanın müstəqiliyyini təmin edə bilməz. Demokratların mövqeyi ilə azı bir respublikaçı senator razılaşıb. Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn deyib ki, Rusiya təhqiqatının aparılması üçün “xüsusi komitənin” yaradılmasına ehtiyac var.

Lakin başqa respublikaçılar Trampın qərarı ilə razılaşmış kimi görünürlər. Senatdakı respublikaçı çoxluğun lideri Mitç Makkonnell vəd edib ki, Kominin yerinə yeni təyinat “dərhal” təsdiq olunacaq.

56 yaşlı Komi vəzifəsindən kənarlaşdırılan ikinci FTB rəhbəridir. FTB direktorları adətən bir dəfəyə - 10 illik müddətə təyin edilirlər. Barak Obama onu FTB-yə rəhbər təyin edəndə, Komi həm respublikaçılar, həm də demokratlar arasında hörmət edilən şəxs sayılırdı. (azadliq.org)






Fikirlər