Gülən-Ərdoğan qarşıdurması: kim nə qazanacaq?

«The Economist» jurnalı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ölkənin ən nüfuzlu ruhanilərindən olan, hazırda ABŞ-da yaşayan Fətullah Gülən arasındakı münasibətlərdən yazıb.
Gülən-Ərdoğan qarşıdurması: kim nə qazanacaq?
Azertaym.az-ın “Azadlıq” radiosuna istinadən məlumatına gərə, jurnal qeyd edir ki, Ərdoğanın 10 illik fəaliyyətinin ən böyük nailiyyəti ordunu siyasətdən xaric etməsidir. Buna isə Pensilvaniyada könüllü sürgündə yaşayan və ixtiyarında məktəblərin, xeyriyyə və media qurumlarının qlobal şəbəkəsi olan, ölkəsinin ən nüfuzlu ruhanisi Fətullah Gülənin köməyi ilə nail olub.

Məqalədə deyilir ki, indi Ərdoğan Gülənə qarşı çıxıb və bu, baş nazirin və ümumiyyətlə Türkiyə siyasətinin taleyinə təsir edə bilər. Jurnal yazrı ki, Fətullah Gülən Ərdoğanın avtoritarlığa yuvarlanmasının qarşısını ala biləcək bəlkə də yeganə şəxsdir. O həm də Türkiyədə İslamın mötədilliyinin qorunub saxlanmasına töhfə verir.

«The Economist» bir neçə sual verir: «Cənab Gülən sayı milyonlar olduğu düşünülən davamçılar ordusunu mart ayında keçiriləcək bələdiyyə seçkilərində Ərdoğana və onun islammeylli Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı çevirəcəkmi? Belə olacaqsa, Gülənin müxalifəti ən böyük seçki mükafatı olan İstanbulu AKP-dən qoparmağa kifayət edəcəkmi? Cənab Ərdoğanın ölkənin ilk seçkili prezidenti olmaq arzusu doğrulacaqmı?».

Jurnal bu məsələdə rəylərin haçalandığını yazır. Aparıcı şərhçi Kadri Gürsel vəziyyəti «dava-dalaşlı boşanma» kimi qiymətləndirib. Onun fikrincə, ixtiyarında olan qüvvəyə görə Ərdoğan hazırda daha güclü görünür. Ərdoğan bəyan edib ki, tələbələri universitet imtahanlarına hazırlayan minlərlə repetitoru ləğv edəcək. Bu təlimçilərin dörddə biri Gülənin davamçısı sayılır.

Məqalədə bildirilir ki, baş nazirin ötən ay elan etdiyi bu niyyətini Gülən hiddətlə qarşıladı. Ərdoğan isə öz növbəsində, təhlükəsizlik xidmətlərində, nazirliklərdə və ədliyyə sistemində kök atmış minlərlə fətullahçının təmizlənməsinə başlayıb. Baş nazir bu adamları «dövlətə paralel sistem» adlandırıb.

Məqalədə bu da bildirilir ki, fətullahçılar ifşaedici videolar da daxil olmaqla hakim partiyanın korrupsiyaya qurşanmasına dair kompromata malikdirlər.

«The Economist» yazır ki, «Gülün agentləri» hökumətə aid məxfi sənədlərin vaxtaşırı mətbuata sızdırılmasını təşkil edirlər. Bu sənədlərin arasında dinçi qruplaşmaların tərk-silah edilməsinə dair Ərdoğanın təhlükəsizlik şurasına göndərdiyi direktiv də var. Xəbər verilir ki, prokurorluq məlumatı yaymış jurnalist Mehmet Baransuya qarşı «casusluq» ittihamı ilə cinayət araşdırması başlayıb.

İctimaiyyətin bəzi dairələrində qəhrəman kimi alqışlanan Baransunun yaydığı məlumat ziddiyyətli «Ergenekon» həbsləri barədə məsələlərə müəyyən aydınlıq gətirir. «Cənab Baransunun və onun «Taraf» qəzetinin hədəfə alınması Ərdoğanın müxalif səsləri boğmaq kampaniyasının daha bir nümunəsidir», – deyə «The Economist» yazır.

Məqalədə qeyd olunur ki, fətullahçıların üzərinə hücum qarşıdakı seçkilərə hesablanıb. «Getdikcə təşvişə düşən baş nazir Gülən-İsrail ittifaqının onu devirmək niyyətində olduğuna inanır», - deyə jurnal yazır. Fətullah Gülənin Türkiyə rəhbərliyini İsraillə münasibətləri pozduğuna görə tənqid etməsi bu şübhələri gücləndirib.

Məqalədə deyilir ki, qarşıdurmada kimin üstün gələcəyini söyləmək hələ çox tezdir. Gülən son moizələrində hökumətə yönəlik müəyyən barışdırıcı fikirlər səsləndirib. Son rəy sorğuları AKP-nin hələ də 50 faizlik dəstəyə malik olduğunu göstərib. Gülən isə öz hərəkatının imicinə güclü zərbə dəydiyini etiraf edib.

"Beləliklə, cənab Ərdoğan yaranmış üstünlüyü artıra bilər. Bu halda Türkiyə daha xoşbəxt və daha demokratik bir ölkə olar", - deyə «The Economist» yazır.






Fikirlər