“ALMANİYA və RUSİYA arasındakı ləyaqətsiz enerji razılaşması”- “The Washington Post”

 22İkinci Dünya Müharibəsindən sonra alman xalqı və onun liderləri mənəvi-siyasi mövqe nümayiş etdirərək, dünya ictimaiyyətinin hörmətini qazana bilmişdilər. Villi Brandtın Şərq siyasəti və Şərq bloku ilə münasibətindən başlamış, 1990-cu ildə ölkənin effektiv formada biirləşməsi və Angela Merkelin Suriya qaçqınlarının Almaniya tərəfindən qəbul olunmasına razılıq verməsi kimi alman standartları bizi heyran qoyub.

Bəs almanlar nəyə görə çətin zəhmətlə qazandıqları nüfuzlarını korrupsiyalaşmış Rusiya ilə yeni qaz kəmərinin çəkilməsi sövdələşməsi naminə korlamalıdırlar? Həm də ki, keçən ildən dünya enerji bazarında baş verən mühüm dəyişiklər Rusiya ilə sövdələşməni qeyri-aktual etməklə yanaşı, Avropa Birliyinin vahidliyinə də öldürücü zərbə vurur. Görəsən Obama administrasiyası Almaniya kanslerini bu enerji sövdələşməsindən vaz keçməyə inandırmaq üçün, nəyə görə heç bir tədbir görmür?

Putinin məqsədi aydındır. O, özünün “Qazprom” şirkətini gəlirlə təmin etməklə bərabər, Qərbi Avropanın Rusiya qazından asılılığını gücləndirmək, eyni zamanda da Rusiya şirkətlərinin vəziyyətinin Ukrayna tərəfindən gərginləşdirilməsinin qarşısını almaq istəyir. Amma Rusiyanın bütün bu siyasi məramlarına baxmayaraq, Merkel israrla bildirir ki, ”Şimal axını-2” sırf kommersiya layihəsidir.

Rusiya–Ukrayna məsələlərində böyük təcrübəyə malik isveşli iqtisadçı Anders Aslundun fikrinə görə, bu qətiyyən belə deyil. İqtisadçı məsələ ilə əlaqədar bildirib: “Son on il ərzində Avropa Birliyində təbii qazın istehlak səviyyəsi 21% azalıb, Baltik dənizinin dibi ilə çəkilmiş “Qazprom”un mövcud boru kəməri isə öz gücünün yalnız yarısı qədər işləyir. ”Qazprom”u adi dövlət şirkəti adlandırmaq olmaz. Bu şirkət Kremlə lazım olan vaxt daşınmanı azaltmaq və qiyməti qaldırmaqla, Rusiya hökumətinə özünün geosiyasi məsələlərini həll etməkdə kömək edir”.

Hələ Almaniyanın keçmiş kansleri Herxard Şröder Putinlə “Şimal axını-1”-in tikintisi haqqında müqaviləni 2005-ci ildə Merkelə seçkilərdə məğlub olduqdan dərhal sonra imzalamışdı. Bundan əlavə, vəziyyətlə yaxından tanış olan mənbənin verdiyi məlumata görə, Şröder özünün Almaniya kansleri postundakı son həftəsində Putinlə “Qazprom” konsernində vəzifə alması barəsində danışıqlar aparıb.

2015-ci ilin iyun ayında “Qazprom”un, Ukraynadan yan keçməklə daha bir qaz kəməri çəkmək niyyətində olduğunu elan etməsi, hamının təəccübünə səbəb olub. Ukrayna il ərzində Rusiya qazının tranzit keçidindən 2 milyard dollara yaxın pul alır. İndiki bu layihə Şröderin Sosial-Demokrat partiyasında aparıcı fiqur sayılan və Merkelin koalisya hökumətinin vitse-kansleri Ziqmar Qabriel tərəfindən aktiv şəkildə dəstəklənir.

Əlbəttə, Almaniyanın nasizm irsini aradan qaldırmaq və sosial birlik ruhunu müdafiə etmək üçün hazırladığı standartla müqayisə etdikdə, bu sövdələşməni tam mənəviyyatsızlıq hesab etmək olar.

Alman işçilərinin öz məvaciblərinin və sosial müavinətlərinin qaldırılması barəsində tələblərindən vaz keçməyə razılaşmalar, onların ölkəsində işsizliyin Fransaya nisbətən nəyə görə iki dəfə az olmasını izah edir. Biz Şərqi Almaniyanın Qərbi Almaniya cəmiyyətinə bərabər şərtlər daxilində inteqrasiya olunması yolunda, qərblilərin bir çox maddi çətinliklərə necə dözmələrinə də şahidlik etmişik.

Söhbət təkcə puldan getmir. Burada söhbət Putinin çörəyinə yağ sürtməkdən gedir. Bu cür siyasət Almaniyanın şərq qonşuları ilə həmrəyliyinin olmaması şübhəsini doğurur. Əgər biz məsələyə Putinin – iqtisadiyyat da müharibədir – nöqteyi-nəzərindən yanaşsaq, onda Merkelin obyektiv reallığı etiraf etmək qabiliyyətinin yoxluğunu, artıq həmrəyliyin Almaniyaya xas xüsusiyyət olmadığının göstəricisi kimi dəyərləndirə bilərik.

İtaliyanın baş naziri Matteo Renzi və Avropa Birliyinin digər liderləri iki həftə əvvəl Brüsseldə keçirilən sammitdə qeyd ediblər ki, ”Şimal axını” Avropa Birliyinin vahid enerji bazarı yaratmaq cədlərinə əhəmiyyətli dərəcədə zərbə vuracaq.

Hazırda “Qazprom”un öz yeni layihəsini irəliyə sürmək məsələsini akrivləşdirməsinin, Putinin Ukraynadakı hərbi kampaniyasında yaranmış problemlə üst-üstə düşməsi, qətiyyən təsadüf deyil. İndi Putinə aydın olur ki, Rusiyanın silahlandırdığı Donbasdakı separatçıların tam nəzarət altında saxlanılması, onun gözlədiyindən daha mürəkkəbdir. Donbasdakı müqavimət hərəkatının liderlərindən biri olan İqor Strelkov Ukraynanın şərqindəki yaraqlılara lazımı kömək göstərilməməsinə görə Putini kəskin tənqid edib. Çox böyük ehtimalla, Putin hiss edir ki, onun Ukrayna avantürasının vaxtı çıxıb və indi o, ya qalib gəlməli, ya da ki, sövdələşməyə getməlidir.

Bu yaxınlarda ABŞ konqresi qanunvericilikdə dəyişiklik apararaq, ölkədən neft ixrac olunmasına qoyulan qadağanı ləğv edib. Bundan başqa ABŞ-da böyük miqdarda ucuz təbii qaz ehtiyatı var. Ona görə də ABŞ administrasiyası aydın şəkildə bildirməlidir ki, əgər lazım gələrsə, onlar Ukraynanı enerji resursları ilə təmin edəcəklər.

Avropa Biriyi ilə Transatlantik ticarət müqaviləsi imzalamağa çalışan prezident Obama isə, Merkellə olan işgüzar əlaqələrindən istifadə etməklə, Almaniyanı inandırmalıdır ki, onlar özlərinin yüksək davranış standartları və müttəfiqləri ilə olan həmrəylik münasibətlərinə gələcəkdə də sadiq qalmaqla, strateji baxımdan təhlükəli sayılacaq qaz kəməri layihəsinin reallaşmasından imtina etməlidirlər. (The Washington Post)

 






Fikirlər