"Ölkəmizdə də eşidə bilməyən uşaqları tam sağaltmaq olacaq!" - Uzman həkim YUSİF HACIYEV

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında son bir həftə ərzində daha 5 uğurlu koxlear əməliyyatı həyata keçirilib.
  "AzerTaym.az" -ın bildirdiyinə görə bu barədə Klinikanın mətbuat xidmətindən verilən məlumatda qeyd olunur.
Məlumata görə, klinikanın qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman-həkim Yusif Hacıyev və komandası tərəfindən icra edilən bu əməliyyatlardan 4-ü dövlət hesabına həyata keçirilib.
Yusif Hacıyevin sözlərinə görə, Daxili qulağın protezləşməsi əməliyyatları sayəsində anadangəlmə, eşitməyə əlil statusunda olan uşaqların eşitməsi bərpa olunur: 
“Artıq həmin körpələrə implant taxılıb, bu uşaqlar artıq heç bir şəkildə digərlərindən fərqlənmirlər, tamamilə normal səviyyədə inkişaf edəcəklər, hətta danışıqları da gecikməyəcək.
Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və s. kimi sənət sahələrinə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar".
Qeyd edək ki, koxlear əməliyyat anadangəlmə problemi olan uşaqlarda tətbiq edilir, həmçinin sonradan bu qabiliyyətini itirən uşaqlara da implant qoyulur.
Həkim Y.Hacıyev bir daha vurğulayıb ki, uşaqlarda bu problemin qarşısını almaq üçün vaxtında müayinə çox böyük önəm kəsb edir: 
“Bütün valideynlərə məsləhətimiz odur ki, eşitmədə hansısa bir problem hiss edən kimi həkimə müraciət etsinlər”.
Eşitmə qüsuru olan uşaqlarla bağlı istənilən zaman ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etmək mümkündür. Burada uşaqlar müayinə, müalicə və uğurlu əməliyyat olunaraq birdəfəlik bu problemdən qurtula bilərlər.
"AzerTaym.az"






Fikirlər