ATU-nun TƏDRİS Cərrahiyyə Klinikasında “TİROİD düyünlərinə multidisplinar yanaşma” mövzusunda SEMİNAR keçirilib

AzerTaym.az xəbər verir ki ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Tibb Assosasiyasının Patologiya Dərnəyinin “Tiroid düyünlərinə multidisplinar yanaşma” mövzusunda seminarı keçirilib.

Seminarda Tədris Cərrahiyyə Klinikasının direktoru professor Nuru Bayramov, Tibb Assosasiyasının sədri Nəriman Səfərli, MediStyle Hospitalın endokrinoloqu dr. Fərhad Burzlu, Milli Onkologiya Mərkəzindən dr.Anar Əliyev, patoloq dr. Bahadur Abbasov, Azərbaycan Tibb Universitetindən patoloq dr.Camal Musayev, Qulaq-burun-boğaz cərrahı uzman dr.Yusif Hacıyev və klinikanın rezidentləri iştirak ediblər.

Seminarı açıq elan edən professor Nuru Bayramov bu cür tədbirlərin ümumi müzakirələrin aparılması baxımından çox əhəmiyyətli olduğunu vurğuladı. “Peşəkar insanların bir araya gələrək müəyyən məsələləri müzakirə etməsi təqdirəlayiqdir. Dövlət qurumu və tədris müəssisəsi olaraq borcumuzdur ki, belə mütərəqqi hadisələrə qapımızı açaq və dəstək olaq”.

Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli rəhbərlik etdiyi qurum haqqında iştirakçıları məlumatlandırdı. Qeyd etdi ki, təşkilat əsasən üç istiqamət üzrə fəaliyyət göstərir: “İşimiz ilk öncə həkimlərin hüquqlarını qorumaq, ikincisi həkimlərin peşəkarlığını artırmaq və həkimlər tərəfindən əhalinin tibbi sahədə maarifləndirilməsini gücləndirməkdən ibarətdir. Son 3 ildə Assosasiyanın fəaliyyəti daha sürətlə inkişaf edib. 30 ixtisas üzrə dərnəklər təsis olunub ki, burada hər bir həkim iştirak edə bilər”.

N.Səfərli tədbirin məhz Tibb Universitetin Tədris Cərrahiyyə Klinikasında keçirilməsindən məmnun olduğunu bildirdi və müştərək toplantıların gələcəkdə də davam etdiriləcəyini bildirdi. 

Tədbirdə iştirak edən patoloq dr. Camal Musayev patoloji müayinələrin əhəmiyyətindən, tiroid patologiyalarının diaqnostikasından danışdı. MediStyle Hospitalın endokrinoloqu dr. Fərhad Burzlu tiroid düyünü olan xəstələrə kliniki yanaşma ilə bağlı məlumat verdi:

“Endokrinoloq olaraq deyə bilərəm ki, tiroid ən önəmli orqanlardan biridir. Son zamanlar ən çox inkişaf edən sahələrdən biri də məhz tiroidologiyadır. Qalxanvari vəz idarəedici olmasa da, funksiyaverici bir orqandır və ən böyük endokrin vəzdir. Bütün yaş dövrlərində qalxanvari vəzin əhəmiyyəti çox böyükdür. Qalxanvari vəzin bədxassəli düyünləri daha çox gənclərdə müşahidə olunur. Əgər yaşlı nəsillərdə belə hallara 4 faiz rast gəlinirsə, gənclərdə bu göstərici 40 faizdir. Qalxanvari vəzin fəaliyyəti ana bətnində olan uşağın 3-cü həftəsindən fəaliyyətə başlayır.”

Daha sonra toplantıda tiroid düyünlərinin postoperativ histopatoloji diaqnostikası, tiroid düyünlərində cərrahi taktikanın seçilməsi, tiroid düyünlərinin diaqnostikasında radioloji müayinə üsullarının rolu və digər mövzularla bağlı müzakirələr aparıldı.






Fikirlər