Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: - “Mətbuat TƏHRİF EDİR”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: - “Mətbuat təhrif edir”

Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik.

Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub .

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalarda deyib. O, gələn ilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəklərini bildirib.
DİM sədrinin bu açıqlaması ictimaiyyətin narazılığına səbəb olub. Bununla bağlı müxtəlif ekspertlər, ictimai xadimlər öz fikirlərini səsləndirib.
Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı da Modern.az-la öz düşüncələrini bölüşüb:
“Əslində mətbuatda yayılan məlumatlar təhrif edilir. Söhbət test üsulunun ləğvindən deyil, yenidən təşkilindən gedir. Yəni daha fərqli üsulda qəbul imtahanının aparılması əsas məsələdir. Bu məsələdən öncə qəbul imtahanları ilə bağlı iki istiqaməti vurğulamaq istəyirəm.
Orta məktəbi bitirənlər həm buraxılış, həm də qəbul imtahanı verirlər. Bunların ikisini birləşdirmək lazımdır. İki ardıcıl imtahan vermək nəyə lazımdır? Uşaqlar həm məktəbi qurtarmaq, həm də ali məktəbə qəbul olmaq üçün imtahan verirlər”.
H. İsaxanlı bildirib ki, digər tərəfdən qəbul imatahanlarında testdən əlavə yeni üsullar tətbiq edilməlidir.
“Ola bilər ki, bəzi imtahanlarda test tətbiq edilsin, amma həm də esselər yazıla, müəyyən mərhələlər formalaşa bilər. Yəni məsələyə daha geniş yanaşmaq lazımdır. Yalnız testdən yox, geniş yazılı imtahandan da söhbət gedir. Bəzi hallarda qabiliyyət imtahanlarında olduğu kimi şifahi imtahan da müəyyən edilməlidir.
Üstəlik ali məktəblər qəbul edilən tələbə ilə görüşüb əlavə imtahan edə bilərlər. İxtisasın profilinə, xüsusiyyətinə uyğun olaraq imtahanlar təşkil etmək mümkündür. Bütövlükdə yeni sistem deyiləndə bunlar nəzərdə tutulur. Sadəcə bunu testin ləğvi kimi başa düşmək lazım deyil”.
Rektor test üsulunun müsbət və mənfi cəhətlərindən də söz açıb:
“Ümumiyyətlə test üsulu obyektivliyinixeyli dərəcədə təmin olunmasına köməkliyi olub. Lakin bu üsulun mənfi tərəfi də var. Orta məktəbdə uşaqları daha çox test istiqamətində öyrədib hazırlaşdırırlar. Xüsusilə yuxarı sinif müəllimləri və repetitorlar testi ön plana çəkirlər. Bu da mexaniki hazırlıq olur və elmi baxımdan uşaqlara ziyandır. 
Qəbul imtahanı daha geniş formada olmalıdır. Əgər uşaq testdən başqa mərhələlər və əlavə imtahanlar olduğunu bilsə, qəbul imtahanlarına yalnız mexaniki yox, elmi tərəfdən də yanaşacaq”.






Fikirlər