SƏSVERMƏ BAŞA ÇATDI...(YENİLƏNİR)

Səsvermə başa çatdı

Azərbaycanda keçirilən prezident seçkilərinin səsvermə mərhələsi başa çatıb.

AzerTaym.az xəbər verir ki, saat 19:00-da seçki məntəqələri bağlı elan olunub.

Qeyd edək ki, seçkidə 8 namizəd mübarizə aparıb. Onlardan 6-nın namizədliyi siyasi partiyalar, 1-i təşəbbüs qrupu, digəri özü tərəfindən irəli sürüb. Bunlar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial-Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğludur.

Ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 314 min 365 seçici var. Məntəqələrin 41-i ölkə hüdudlarından kənarda - Azərbaycanın xarici ölkələrdəki səfirlik və baş konsulluqlarında yerləşir.

***

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

AzerTaym.az xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə yenə də 14 saylı Xəzər ikinci seçki dairəsidir. Belə ki, bu seçki dairəsində qeydiyyatda olan 51 min 117 seçicidən 40 min 588-i (79,40 faiz) artıq səsvermədə iştirak edib. Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 30 saylı Suraxanı birinci seçki dairəsidir. Bu seçki dairəsində qeydiyyatda olan 37 min 205 seçicidən 19 min 224-ü (51,67 faiz) səsvermədə iştirak edib. Qeyd edək ki, saat 17:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 milyon 716 min 135 nəfəri (69,93 faiz) səsvermədə iştirak edib.

***

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 17:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

AzerTaym.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

***

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 15:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

 AzerTaym.az xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 60,74 faizinin, yaxud 3 milyon 227 min 817 nəfərinin səs verdiyini bildirib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur. Seçicilərin ümumi sayı isə 5 milyon 314 min 365 nəfərdir.

Saat 15:00-dək 125 seçki dairəsinin hamısı, 5641 seçki məntəqəsinin isə 5628-i hesabat verib.

***

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 12:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

 AzerTaym.az xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 39,39 faizinin, yaxud 2 milyon 93 min 343 nəfərinin səs verdiyini bildirib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur.

Seçicilərin ümumi sayı isə 5 milyon 314 min 365 nəfərdir.

Saat 12:00-dək 125 seçki dairəsinin hamısı, 5641 seçki məntəqəsinin isə 5615-ı hesabat verib.

***

Saat 10:00-a olan məlumata görə ölkə üzrə seçicilərin 994 min 196 nəfəri, yaxud 18,71 faizi səs verib.

AzerTaym.az xəbər verir ki, bu nəticə ölkə üzrə səs vermiş 125 seçki dairəsinin və 5605 seçki məntəqsinin açıqladığı məlumat əsasında hazırlanıb.






Fikirlər