Bacısı əri öldü, övladları yaralandı - Xalq artistlərimizə qəza ŞOKU
Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır. “AzerTaym.az” “Report”a istinadən xəbər verir ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır. Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır. Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib. Gülyaz Məmmədova “Report”a məlumatı təsdiqləyib. Lakin o, hadisə barədə daha ətraflı məlumatı olmadığından açıqlama vermək istəmədiyini bildirib. Qeyd edək ki, hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106" və "Picap" markalı avtomobillər toqquşub. Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991). Ölən və xəsarət alanların hamısı "VAZ 2106" markalı avtomobildə olub.