Azad media hökumətə də lazımdır- PROFESSOR QULU MƏHƏRRƏMLİ

Azad media hökumətə də lazımdır

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə müstəqil medianın rolu, media-cəmiyyət-hökumət münasibətləri və maarifləndirmənin əhəmiyyətindən danışıb.

"AzerTaym.az" gununsesi.org-a istinadən xəbər verir ki, Qulu Məhərrəmli müsahibəsində hazırda qlobal koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin şəraitində ictimaiyyətin düzgün informasiya alması və dezinformasiyanın qarşısının alınmasında peşəkar kütləvi informasiya vasitələrinin üzərinə xüsusi vəzifə düşdüyünü deyib. O, Azərbaycanda pandemiya ilə bağlı üç istiqamətdə – məsələnin tibbi, psixoloji və sosial tərəfləri ilə bağlı informasiyanın verildiyini bildirib. Qulu Məhərrəmli son illər ciddi məhdudiyyətlərlə qarşılaşan azad medianın bu işdə əhəmiyyətini xüsusi vurğulayıb.

Məlum olur ki, cəmiyyətin doğru-dürüst informasiya alması üçün azad media mövcud olmalıdır. Bu media hökumətə də lazımdır, bu media dövlətə də lazımdır, cəmiyyətə də lazımdır. Niyə? Çünki azad media cəmiyyətdə gedən prosesləri doğru-dürüst çatdırır. Yəni idarə edənlərdə gedən proseslər haqqında doğru-dürüst təsəvvür yaradır. Əgər biz hər şeyi yalan, üstü-örtülü, pərdələnmiş, əl gəzidirilmiş, kosmetik boyalarla bunu göstəririksə, deməli, biz dövləti aldadırıq, cəmiyyəti aldadırıq, insanları aldadırıq. Ona görə indiki halda müsbət cəhət odur ki, kütləvi informasiya vasitələri işləyə bilirlər, karantin rejimi onlara adi olunmur, saytlar işləyir.”

Qulu Məhərrəmlinin sözlərinə görə, qlobal pandemiya dövründə yaşanan hadisələr bir daha göstərdi ki, “azad mediasız heç bir cəmiyyət yaşaya bilməz.”

“Yəni cəmiyyət üçün azad media oksigen deməkdir. Bu oksigendən cəmiyyəti məhrum etmək olmaz”, o əlavə edib.

Qulu Məhərrəmli bildirib ki, hazırda karantin dövründə rəsmi məlumatlara tələbatın armasına baxmayaraq, “azad medianın mövcudluğu reallıq kimi qəbul edilir”.

Diqqəti cəlb edən odur ki, bütün hallarda azad olmayan medianın xəstəliyi var. Bu da istər-istəməz birinci, manipulyasiyadır, ikinci, gərəksiz təbliğatdır. Yəni, iki daşın arasında yenə mənasız təbliğat-təşviqat işləri aparılanda istər-istəməz aparılan siyasətin səmimiyyətinə də bir az şübhə yaranır. Amma bütün hallarda nə qədər həkimlərə ehtiyac var bu gün, insanlar hiss edir ki, bir o qədər də dürüst, vicdanlı, obyektiv, azad mediaya ehtiyac var. Bu, bizim günümüzün reallığıdır və bu gün insanların bir çoxunun gəldiyi nəticədir. Kaş ki, idarə edənlər də bunu dəqiqliyi ilə anlasınlar.”

 






Fikirlər