“Talıbovun istintaqa cəlb olunması üçün toxunulmazlığının ləğvinə ehtiyac yoxdur” - Hüquqşünas

“Talıbovun istintaqa cəlb olunması üçün toxunulmazlığının ləğvinə ehtiyac yoxdur” - Hüquqşünas

“İndiyə qədər mediada dolaşan xəbərlər daha çox şayiədir, nəinki reallıq. Çünki reallıqları rəsmi qurumlar açıqlayır və nəticə rəsmi qurumların məlumatında görünür. Amma təbii ki, bu, çoxsaylı insanların həm arzusu, həm xəyalı, həm də istəyini ortaya qoyur”.

 

Bu sözləri  hüquqşünas Ələsgər Əhmədoğlu deyib.

O, Naxçıvanda baş verən proseslər çərçivəsində Ali Məclisin sədri Vasif Talıbovun istintaqa, yaxud dindirilməyə cəlb olunub-olunmayacağı barədə ehtimallara münasibət bildirib:

“Azərbaycanda deputatların toxunulmazlığı ilə bağlı Konstitusiyada müddəası var. Yalnız Baş Prokurorluğun təqdimatı ilə parlament toxunulmazlığı ləğv edə, sonra Mili Məclis üzvü istintaqa cəlb oluna bilər. İstisna hallar isə cinayət başında yaxalanma halıdır. İndiki durumda ikinci hal olmadığı üçün birinci hal hökmən parlamentin müzakirəsinə çıxmalıdır”.

Ə. Əhmədoğlunun sözlərinə görə, bu, istənilən deputata şamildir və bu tendensiya daha öncə də yaşanıb:

“Hüseyn Abdullayevlə Fəzail Ağamalının mübahisəsindən sonra bu, çox sürətli baş verdi. Yaxud digər bir deputat – Eldəniz Səlimov polisə qarşı güc tətbiq etmişdi və onun toxunulmazlığı ləğv edildikdən sonra cinayət işi açıldı və o həbs edildi.

Qanunvericilikdə bu tip prosedurlar var. Milli Məclisin qərarından sonra hüquq-mühafizə orqanları şəxsin cəlb olunduğu cinayət işi üzrə araşdırma, istintaq və sorğu da apara bilər. Lap lazım gəlsə, müvəqqəti həbs cəzası da verib və yaxud məhkəmə qarşısına da çıxarması mümkündür. Coğrafi yer baxımından də məhdudiyyət yoxdur.

Qısası, DTX məsələsi sadəcə şayiədir. Ola bilsin ki, Naxçıvanda geniş araşdırma aparılır, çünki nazir statusunda olanlar həbs olunub. Bu çərçivədə bəlkə də istintaqa lazım olsa, Vasif Talıbov şahid qismində istintaqa cəlb oluna bilər. Şahid qismində cəlb etmə üçün isə toxunulmazlığın ləğvinə ehtiyac yoxdur”. / Yenisabah.az






Fikirlər