“2020-ci ildə Xankəndini götürsəydik, ermənilər Rusiyanın dəstəyi ilə Kəlbəcəri...” - Sabiq nazir

“2020-ci ildə Xankəndini götürsəydik, ermənilər Rusiyanın dəstəyi ilə Kəlbəcəri...” - Sabiq nazir

“Əvvəla, biz hamımız anlamalıyıq ki, hələ Qarabağ və Zəngəzurla bağlı görüləsi çox işlərimiz var. 2020-ci ildəki hərbi qələbəmizdən sonra, mütəxəssislər istisna olmaqla, bir çoxumuz belə düşünürdük ki, artıq Qarabağda hər şey bitdi, erməni məsələsi tam həll olundu. Təəssüf ki, belə deyil. Yəni münaqişə artıq 30 ildir davam edir və onun hərbi fazaları, siyasi qarşıdurma fazaları olur və s. O da bəllidir ki, bizə qarşı müharibə və işğal ermənilər tərəfindən başlanıb və hələki onlar öz mövqelərində qalırlar”. 

 

  Bunu Azərbaycan dövlətinin 2022-ci ildə Qarabağla bağlı siyasətinin yekunları barədə sualı caablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Və bəziləri deyirlər ki, 2020-ci ildə məsələni tam bitirmək olardı. Xeyr, həmin dönəmdə onu bitimrmək üçün tam şansımız yox idi. Və tutaq ki, Xankəndini də azad etsəydik belə, Qarabağdakı proseslər fərqli bir ssenari ilə davam edəcəkdi. Ola bilərdi ki, o halda ermənilər Rusiyanın dəstəyi ilə Kəlbəcəri və yaxud digər bir ərazini müqavimət üçün əllərində saxlaya bilərdilər. Və s... Söhbət ondan gedir ki, hələlik siyasi qarşıdurma aradan qaldırılmayıb. Bunu anlamaq üçün 2021-ci ildə məğlub Ermənistanda keçirilmiş baş nazir seçkilərində Paşinyanın partiyasının proqramında Qarabağa aid şüarı xatırlayaq: “Xilas naminə ayırmaq!”. Yəni onların mövqeyi belə idi ki, Qarabağı Azərbaycandan ayırmaq hesabına Ermənistan xilas olunsun. Paşinyan və partiyası bu şüarla hakimiyyətə gəldi. Ondan sonra  Ermənistanın büdcəsindən hər il Qarabağdakı erməni rejiminə müəyyən miqdarda, təxminən 300 milyon dollara yaxın vəsait də ayrılır.

Beləliklə, demək olar ki, de-fakto Ermənistan Azərbaycan ərazisinin işğalını davam etdirir. Və bunun elementlərini biz görürük. Əvvəla, Ermənistan öz ordusunu Qarabağdan tamamilə çıxarmayıb; “könüllü” adı altında bəlkə də minlərlə əsgər qalıb... Xarici ölkələrin də məsələyə münasibəti bilinib, yəni onların iç üzü açılıb, əslində nə istədikləri bəlli olub. Bir sözlə, həm Ermənistan, həm də onun havadarları hələ də bizə qarşı işğalçı mövqedə qalmaqdadırlar. Və təbii ki, Azərbaycan bir dövlət olaraq buna qarşı öz adekvat siyasətini davam etdirir. Hərbi baxımdan Ermənistanı məğlub  etmişik və hazırda qələbənin siyasi hissəsini təmin etmək üçün proseslər gedir. Azərbaycan qardaş Türkiyə və digər müttəfiq ölkələrlə birgə bu məsələdə israrlıdır və ardıcıl şəkildə bu siyasəti həyata keçirir. Amma bu, bizim seçimimiz deyil, bu, düşmənlərimizin seçimidir. Və biz sadəcə, bu mübarizəni davam etdiririk.  Əgər biz  2020-ci ildəki savaşdan öncəki durumumuzu nəzərə alsaq, irəliləyiş və bizim qələbəmiz daha aydın hiss olunur. Lakin  düşmən hələ də tam şəkildə öz məkrli niyyətlərindən əl çəkməyib. Və bu kontekstdə Azərbaycan dövlətinin ötən 2022-ci ildə Qarabağla bağlı siyasətinin mahiyyəti əsasən ondan ibarət olub ki, Ermənistan öz məğlubiyyətini qəbul etsin  və öz məkrli siyasətindən əl çəksin. Bir çox hallarda biz buna nail olmağa yaxın idik, ancaq Ermənistan vaxtı uzatmaqla öz havadarlarının köməyi ilə manevrlərini davam etdirir”- deyə sabiq baş diplomat vurğulayıb. /Moderator.az






Fikirlər