Türkiyə-Ermənistan münasibətlərində DÖNÜŞ NÖQTƏSİ - Sərhədlər açılacaq?

Türkiyə-Ermənistan münasibətlərində DÖNÜŞ NÖQTƏSİ  - Sərhədlər açılacaq? 

Ermənistan və Türkiyənin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş keçirilib. Tərəflər arasında beçinci görüş iki ölkənin sərhədində baş tutub. 

Qeyd edək ki, xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində hələki heç bir irəliləyiş yoxdur. 

Sonuncu təmas iki ölkə arasında sərhədlərin açılmasını sürətləndirə bilərmi? 

Mövzu ilə bağlı politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistan-Türkiyə münasibətlərində dönüş nöqtəsi ancaq rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamasından asılıdır: 

“Prinsip etibarı ilə, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmamış Ermənistan-Türkiyə münasibətlərinin hansısa mühüm mərhələyə qədəm qoyması mümkün deyil. Ola bilsin ki, bu istiqamətdə danışıqlar aparılsın və gələcək üçün müəyyən perspektivlər müəyyənləşdirilsin. Ancaq birmənalı şəkildə bunun sərhədlərin açılmasına gətirib çıxaracağı inandırıcı görünmür. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Ermənistanın Azərbaycanla aparılan sülh danışıqları ilə yanaşı, həm də cənubi Qafqazda və daha geniş regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin tərkib hissəsidir. Yəni bu kompleks şəkildə öz həllini tapmalı olan məsələdir”. 

Politoloq bu mövzuda Ermənistanın və Azərbaycanın tamamilə fərqli baxış bucağına malik olduğunu diqqətə çatdırıb: 

“Prosesə Ermənistanla Azərbaycanın yanaşması şübhəsiz ki, fərqlidir. Ermənistan düşünür ki, bu məsələ heç bir halda Azərbaycanla olan münasibətlərin tərkib hissəsi olmalı deyil. Amma ölkəmizin bu məsələdə yanaşması təkcə bizim deyil, bütün bölgənin maraqlarına söykənir. Çünki regional təhlükəsizlik konfiqurasiyasının qorunması və möhkəmləndirilməsi bizim üçün zəruri faktorlardan biridir. Ermənistan isə əksinə, xarici maraqların bölgəyə daşınmasına çalışır. Mövcud şəraitə Türkiyənin baxış bucağından yanaşsaq, təbii ki, Ankara Ermənistanın bu addımlarının reallaşmasında maraqlı görünmür. Türkiyə hazırda regional güclərdən biridir və Ermənistan da artıq bunu qəbul edir. Bu aspektdən düşünürəm ki, Türkiyə və Ermənistan arasındakı danışıqlar Azərbaycanla Ermənistan arasındakı sülh müzakirələri həlledici məqama qədəm qoymadan hər hansı bir ciddi inkişafa nail olmayacaq”






Fikirlər